Əziz oxucular, bu yazı dəyərli, möhtəşəm şəxsiyyət və müsəlman Şərqini öz dünyagörüşü, vizyonu və çabaları ilə aydınladan, həmçinin hər zaman mənim üçün istiqamət verici, yol göstərici mayak olan Atatürkə ərmağan edilmişdir. Sayğı, sevgi və heyranlıqla anıram.

Birinci olaraq bütləşdirmənin fəsadlarından danışmaq istərdim. Bildiyiniz kimi, bütləşdirmə bir növ həmən şeyin doqmalaşdırılmasıdır. Və bu doqmalaşdırma, bütləşdirmə insan üçün həmən şeyin ən doğrusu olması, onun mükəmməl formada beyində illustrasiya edilərək müqəddəsləşdirmə metdodudur. Siz bu metodik fəsadları dini müstəvidə rahatca görə bilərsiniz. Hansı ki, bildiyiniz kimi, bütün dinlərdə o dinin kitabı, elçisi və təqdim etdiyi allahı müqəddəsdir. Bu müqəddəsləşdirmələr həmin kitabda olanların heç bir formada sorğulanmadan həyata keçirilməsini təmin edir. Hətta sorğulamaq şeytan əməli sayılır. Çünki sorğulama bir növ anti-virusdur, hansı ki, o olan yerdə heç bir doqma, ehkam sağ qala bilməz. Sorğulama və şübhələnmə ehkamların, bütlərin üzərinə enərək sındıran qılıncdır.

Məhz əsrlər boyunca bu bütləşdirmələrin din üzərindən hansı insanlıq cinayətlərinə yol açdığına, bəşəri faciələr yaratdığından məlumatlı olmusunuz. Məsələn, hinduizm din xadimləri olan brahmanlar aşağı təbəqəni aclıq, yoxsulluq içində olmasına baxmayaraq, hakim elita önündə sakit və sükut içində saxlamaq üçün dini vədlərdən, asketizmdən geninə-boluna istifadə etmişlər. Və dini öz beynində doqmalaşdıran, inanan dindar, yoxsul, aşağı təbəqə də bu manipulyasiyaları ruhu da incimədən qəbul etmiş, üsyan edərək öz cəhənnəminin alovları ilə yuxarıların cənnətini yandırmamışdı.

Eynən Tövratın vərəqlərində gizlənən irqçilik, sadizm də yəhudilərin öz qonşularına qarşı amansız işgəncələrə qətillərə yol açmışdır. Tövratın Joshua hissəsində qeyd edilir: “Peyğəmbər Yeşua öz ordusu ilə Yerixoya girərək hər bir kəsin və canlı olan hər bir şeyin məhv edilməsini əmr edir.” Bu, birbaşa genosid, sadizm, irqçilikdir. O dövrdə işğallar olsa da belə bu formada sadistik yanaşma, hətta heyvanların belə öldürülməsi (çünki başqasının olduğu üçün çirklənmiş, lənətlənmiş sayılırdı) heç bir normal təfəkkürün məhsulu ola bilməzdi. Lakin, məsələn, yəhudi dindarları qeyd-şərtsiz şəkildə bunu sorğulamadan qəbul etmişlər və “əmr olunanı” həyata keçirmişlər.

Xristianlar Orta Əsrin bütün qaranlığı boyunca belə qadınları, fərqli düşünənləri edam etməkdən, inkivizasiya məhkəmələrində günahkar bilib də tonqalda yandırmaqla məşğul olmuşlar. Özlərindən hər hansı bir düşüncədə, yaxud fiziki qüsurda fərqlənən şəxsi cadugər kimi qələmə vermişlər. Elmi araşdırmaların önündə keçilməz dağ yaradaraq Qalileo Qaliley kimi şəxslərin belə son anda kilsə və ona inanan avam kütlə sayəsində diz çökdürərək, aşkar etdiyi həqiqətin əksinə danışmağa məcbur edərək alçaltmışlar. Bu ona görə mümkün olmuşdur ki, toplum sorğulamamış və din, inanc, doqmalar insanların gözünü kor etmişdir. Digər bir nümunə isə bu günün özündə belə dünyayanın cəhalət yuvası olan İslam, müsəlman Şərqidir.

Bu gün terrorizm deyildiyi zaman ilk ağıla gələn müsəlman Şərqidir. Siz əks arqument gətirərək deyə bilərsiniz ki, bunu hansısa qüvvələr edir və s, amma məsələ bu deyil, məsələ odur ki, irqçilik, sadizm Tövratın özündən qaynaqlandığı kimi terrorizm də Quranın özündən, içindən qaynaqlanır. İslam da digələri kimi gücün, işğalın legitimləşdirilməsi üçün istifadə edilmiş və bu formada Quran tərtib edilmişdir. Şəhidlik institutu, cənnət vədləri də məhz kamikadze terrorçuların, döyüşçülərin mükafatı olaraq onlara güc vermişdir. Sosial quruluşun dəyişməməsi insanların inkişafını saxlamışdır. Cinslərarası münasibət adekvat tənzimlənməmiş, patriarxat quruluşu daha da qidalandırmışdır. Bütün bunların sorğulanmaması səbəbi yenə də bütləşdirmə olmuşdur.(Əlbəttə, biz dinlərin problemindən çox yaza bilərik və bu özü ayrıca səhifələrlə mövzudur).

Bütləşdirmə, yaxud doqmalaşdırma təkcə dinlərə xas deyil, həmçinin müasir dövrün yeni dinləri olan ideologiyalara da bunu aid etmək olar. Məsələn, sosializm/kommunizm ən yayğın və ən çox doqmalardan, illuziyalardan, vədlərdən ibarət olan yeni bir dindir. Məhz bu dinə inanan, onu bütləşdirənlər SSRİ, Çin, Kuba, Şimali Koreya kimi ölkələr qurmuşlar.(xatırla: Çin Mao dövrü. Müasir Çin sistemi iqtisadi olaraq kapitalizmlə sintezləşdirilərək bir növ dövlət kapitalizmi yaradılmışdır.) Məhz bir SSRİ bəs edir ki, doqmatizmin, bütləşdirmənin necə dəhşətli fəlakətlərə yol açdığını müəyyən edək. İnsanların fərqli düşünməsinə görə repressiyalar, Sibir sürgünləri QULAQ-lar, KQB-nin şəxsi həyata qədər müdaxilə edərək izləməsi, hətta düşüncə polisi kimi abstraksiyalar yaratmaq istəyi mövcud olmuşdur. Şəxslərin kultlaşdırılması(Lenin, Stalin), onlardan ata kultu yaradılması və milyonlarla insanın, həqiqətən, bunu belə qəbul etməsi, Stalin öldüyündə insanların sanki atasını itirərək yetim qalması gözlər önündə olan hadisələrdəndir(Hətta onlara baba-ata deyərək anılması).

Bütün repressiyalara, aclıq, yoxsulluq illərinə baxmayaraq insanlar, həqiqətən, hələ də inanc, ümid içində idilər. Çünki bütün reallıqları Sovetlərdən ibarət idi, tam təcrid edilmişdilər, reallıq hisləri itərək bütləşdirmə manipulyasiyalarına məruz qalmışdılar. İzolyasiyadan qurtulduqlarında isə bütün bütlər sındı və əsrin sonuncu on illiyində xalqlar Stockholm sindromundan qurtularaq vakumu tərk etdilər. Təbii ki, uzun illərin psixoloji travmalarının, təzyiqlərinin davranışa hopmuş təsirləri bu gün də davam etməkdədir. Həmçinin Nasizmin də məqsədyönlü şəkildə milyonlarla günahsız yəhudinin və işğalçı müharibələr zamanı milyonlarla günahsız insanın həyatına son qoyması bütləşdirmə, doqmalaşdırmadan qaynaqlanan kütləvi psixoz sayəsində mümkün olmuşdur. Və bununla yanaşı bu gün liberal dəyərləri mənimsəyən Almaniya konservativ avtoritar idarəetməyə və Orta Əsrlər təfəkkürünə malik olan Rusiyadan fərqli olaraq öz günahlarını etiraf edərək hələ də cəzasını çəkməkdədir.

İndi isə gələk Atatürkün bütləşdirilməsi məsələsinə. Bildiyiniz kimi, çox insanlar qeyd edirlər ki, Atatürkün bütləşdirilməsi dorğu deyil və yuxarıda sadaladığımız yazıları, səbəbləri aşağı-yuxarı ortaya qoyurlar. Amma bu müqayisələndirmə, yaxud tənqid, sadəcə anolojilər, şablonlar üzərindən edildiyi üçün, hadisənin dərininə doğru analiz edilmədiyi üçün yanlış formada dəyərləndirilir.

Gəlin, indi bu məsələni həm üfüqi, həm şaquli formada analiz edək. Birincisi, ümumi qəbul edək ki, Atatürk, həqiqətən də bütləşdirilir. Onun heykəlləri, haqqında yazılanlar, deyilənlər onun hədsiz övülməsi və mütəmadiyyən örnək göstərilməsi və anılması, hətta heykəlləri önündə baş əyilməsi, yaxud ölümündən on illlər sonra doğulan gənclərin belə onunla xüsusi emosional bağ qurmaları, əlbəttə, tam bir bütləşdirmənin, yaxud doqmalaşdırmanın örnəkləridir. İndi isə gəlin mövzunu üfüqi şəkildə genişləndirək. İnsan haqları bəyannaməsi, konvensiyaları, sülh ideyaları, müharibənin lənətlənməsi və s bu qəbildən olan bir çox şeylər də bütləşdirilib, doqmalaşdırılıb. Məsələn, insanın insana işgəncə, zorakılıq etməməsi məsələsi heç bir halda müzakirə, yaxud mübahisə mövzusu ola bilməz. Hətta bunu mübahisələndirməyə çalışan şəxs anındaca bütün insanlar tərəfindən təzyiqə, linçlənməyə, diskriminasiyaya uğraya bilər. Çünki hər kəs bu yanaşmanın doğru olduğuna nəinki inanır, bunu ən təbii reallıq kimi qəbul edərək insanlığın bundan kənarda mövcud olmayacağını bilirlər.

Eləysə, sual edə bilərsiniz ki, bu məsələnin Atatürkün bütləşdirilməsi ilə nə əlaqəsi var? O zaman, gələk əsas məsələyə. Biz qeyd etdik ki, Atatürk bütləşdirilir, lakin burada gözardı edilən məsələ Atatürkün kimliyi və onun hansı perspektivdən bütləşdirilməsi məsələsidir. Birincisi, Atatürk yaşamır və onun şəxsi ilə bağlı olan hansısa insan da yaşamır(izah ediləcək). İkincisi, Atatürkün kimliyidir. Atatürk Osmanlı sultanlarının cahələt bataqlığında boğduğu xalqı xilas etdi. Onları Orta Şərqin çirkab dolu qaranlığından çıxararaq dünyəviliyin, bəşəriliyin və müasirliyin günəşi altında nurlandırdı. Atatürk bir müəllimin bir uşağın əlindən tutaraq ona yazmağı öyrətməsi tək türk xalqının əlindən tutaraq ona yazıb-pozmağı, düşünməyi, şəxsiyyət olmağı, rəiyyət yox, vətəndaş olmağı, insanlığa layiq insan olmağı öyrətdi. O, yetişmiş hazır bir xalqdan Respublika kimi dövrünün də bu günün də modern quruluşu olan, həm də cahil kütlənin anlaması üçün mürəkkəb və abstraktiv olan sistemi qurmadı. Atatürk başıpozuq və mövcudluğu illuziya olan toplumdan möhtəşəm, qəhrəman bir millət yaratdı.

Atatürk bataqlıqda boğulan toplumdan müasir dövrün tələblərinə uyğun millət yetişdirdi. İnsanlara heç vaxt dadmadıqları fərdi azadlıqlarını verdi, fərd olaraq şəxsiyyət olmanın qürurunu yaşamağı bəxş etdi. Osmanlı insanının heç vaxt anlamayacağı və dərk etməyəcəyi insan haqları kimi, sekulyarizm kimi, humanizm kimi ən ümdə bəşəri dəyərləri bəxş etdi, aşıladı, dərk etdirdi. Atatürk çap maşınını lənətləyən toplum, şah əvəzinə oxumağı, öyrənməyi, kitabların müqəddəsliyini aşıladı. Məğlub olmuş, nihilizmdə boğulan xalqın əlindən tutaraq ona istiqlal savaşını qazandırdı. Nəticədə, bütün dünyəvi, güclü millətlər, ölkələr türk xalqının varlığının reallığını qəbul etdilər, bununla barışdılar və bu milləti yaradan, öndərlik edən və onları məğlub edən Atatürkün adını sayğı və heyrətlər içində andılar. Məhz budur, bu kimlikdir, bu dəyərlərdir bu gün Atatürk adı altında bütləşdirilən.

Bu gün, bir gənc Atatürkün heykəli önündə baş əyirsə, o məhz bu ilkələrin, proqressivliyin, şəxsiyyət və insan azadlığının, dünyəviliyin qarşısında baş əyir. Bu gün Atatürkün heykəllərinin dörd bir yana qoyulması, şəkillərinin hər evdə, hər yerdə yapışdırılması məhz həmin azadlıq, humanizm, proqressivizm dəyərlərinin, ilkələrinin heykəlinin qoyulmasıdır. Bu gün, Atatürkün adının tez-tez anılması, onun adıyla irticaya vurulan zərbədir, irtica önündə çəkilən səddir. Çünki məsələ Mustafa Kamalın cansız bədəni deyil, məsələ onun Atatürk kimliyi, onun millətini cəhalətdən xilas edən aydınlanma hərəkatının öncüllərindən biri olmasıdır. Həmçinin yuxarıda sonradan izah edilməsi üçün qeyd edilən məsələ bundan ibarətdir ki, Atatürk yaşamır, yaxud onun oğlu, qızı hakimiyyətdə deyil, heç partiyası da hakimiyyətdə deyil ki, onun adı zorakı yollarla əbədiləşdirilsin, manipulyasiyalarla insanların beyni yeyilsin. Həmçinin yaşayan şəxslərin bütləşdirilməsi ağrılı, faciəvi haldır, çünki bu zaman o şəxsin yanlışlarını görmək olmur və bu da həmən şəxsə toplumu rahatca manipulyasiya və istismar etməyə yol açır. Həmçinin beləliklə cəmiyyət zombiləşir, reallıq hissini itirərək kütləvi psixoz başlayır. Amma bir şəxsin öldükdən sonra sadəcə onun ideyalarının və öncül olan kimliyinin yaşadılması tamamən ayrı bir məqamdır. Atatürk bütün teokratizmlərin, avtoritarizmlərin, totalitarizmlərin və bunun kimi insanlıq tarixinə, insanlığa, insan iradəsinə ləkə olan bütün irtica rejimlərin üstünə endirilən zərbədir.

Bəli, Atatürk kiminə görə bir diktator idi, hansı ki, resursları əldə cəmləşdirdiyi üçün. Amma Dövlət quruculuğunda və ondan başqa bu prosesi apara biləcək kimlərinsə olmaması, olsa da o nüfuzda olmamasına görə bu şəxsin milləti demokratik prosesə hazırlaması və bataqlıqdan çıxarması onu bir diktator yox, demokratik və liberal dəyərlərin öndəri edir. Retroperspektivdə danışmaq rahatdır, lakin real mənzərəyə fikir versəniz görəcəksiniz ki, nəyisə dəyişmək üçün o dövrdə bu lazım idi. Həmçinin Atatürk o zaman diktator kimi mənfi formada tənqid edilə bilərdi ki, öldükdən sonra şəxs üzərində olduğu üçün qurduğu ölkə dağılsa, yaxud öz varisini təyin etsə, ciddi təlatümlər keçirsə idi, amma Atatürk modern sistem qurdu. Sistemi qura bildi. Nəticədə bu sistem də bu günə qədər gəlib çıxa bildi. Hətta Ərdoğan kimi rəzil, avtoritar, irticaçı, manipulyativ siyasətçilər belə bu sistemi tamamən məhv edə bilmədi. Çünki Atatürk bir azadlıq, bəşərilik, dünyəvilik simovolu olaraq xalqın içində yaşadıqca İstanbul seçkiləri kimi seçkilər nə dərəcədə saxtalaşdırılsa da ləğv də edilsə, insanlar olmazın psixoloji, dini, siyasi manipulyasiyalara məruz qalsa da belə sonunda haqq, hürriyət qalib gələcəkdir.

Atatürk kimliyi türk millətinin kimliyinə hopmuş rüşeymdir. Ərdoğan kimi cəhalət sultanları nə qədər çabalasa da o rüşeym öncə toxuma və sonra da mütləq bir gün bir ağaca dönəcəkdir.