Axtar

Mete Türksoy

Sapere Aude

Azərbaycanın İrandakı səfirliyində törədilən terrorla bağlı düşünmək üçün önəmli bir neçə məqam

Azərbaycan səfirliyində törədilən hadisə dəhşətdir və düşünməyiniz üçün bir neçə ciddi məqamı vurğulamaq istəyirəm.

İlk növbədə hadisənin kim tərəfindən törədilməsi və motivinin nə olmasından asılı olmayaraq, hər bir halda İran hökuməti məsuliyyət daşıyır. Çünki ölkə ərazisində baş verən hadisələr ya birbaşa, ya dolayı həmən ölkəyə aiddir. Əsas məsuliyyət payı da də cinayət araşdırmasının necə aparılması ilə müəyyən olunacaq. Əlavə olaraq istər hadisəni törədən şəxsin səfirliyə girişi məqamında polis postunundakı şəxsin davranışı, sonrasında həm səfirliyin içində bizimkiləri sorğu edənlərin, həm də təqsirkarı sorğulayan sorğuya alanların bədən hərəkətləri və mimikaları şübhə yaradıcı impulslar verir.

Lakin, bütün bunlardan daha tutarlı məsələ Tehran polisinin hadisənin həmən, isti-isti informasiya yayması oldu ki, guya həmən şəxsin “zövcəsi” orda qalıbmış. Bu, əlbəttə, çox gülünc söhbətdir. Ancaq, bu informasiyanı daha da gülünc edən hadisənin baş verdiyi fonun nəzərə alınması zamanı baş verir.

Fon nədən ibarətdir ?

Neçə aylardır ki, İran- Azərbaycan arasında həm diplomatik, həm sərhəddə ciddi gərginlik var, belə məsələlərdə həmişə ehtiyatlı, çəkingən və susqun davranan Əliyev də hətta prezident səviyyəsində(bizim kimi tam güclü prezident sistemlərində son siyasi diplomatik mərhələ prezidentlikdir) bu gərginliyi dilə gətirir, hətta hər zaman ayaqaltı etdiyi Elçibəyin millətçi-türkçü narrativlərindən istifadə edirdi. Sərhəddə hər iki tərəfdən təşkil edilmiş hərbi təlimlər soyuq gərginliyin isti hərəkətləri idi. Digər məsələ, ABŞ və İsrail Orta Şərqdə İrana qarşı genişmiqyaslı hərbi təlimlər həyata keçirir, İsraildə Azərbaycan səfirliyinin açılmasından sonra əlaqələr daha da dərinləşdirilir.

Bu gün yəhudi soyqırımının – Holokost qurbanlarının anım günüdür. İran və Ermənistan arası yaxınlaşmalar da pik həddə çatıb. Bütün bunları hesaba qatanda bu hadisə kiminsə “arvadının” qeyrət davası deyil və İranın ortaya atdığı bu bəhanə də səfirliyə fiziki hücumdan sonra həm də “Bakı Respublikası” deyərək aşağılaqdıqları, özlərinə hətta düşmən/rəqib kimi hesab etməyi belə yaraşdırmadıqları/sığışdırmadıqları Azərbaycan Respublikasına qarşı ələ salmaq məqsədi daşıyan mənəvi hücumdur. Üstəgəl, İran tv kanallarının terrorçudan müsahibə almaları da müstəsna həyasızlıq, düşmənliyin və hörmət etməməyin bir daha bariz göstəricisidir.

Təbii ki, əlavə olaraq şübhəli qismində regionda Rusiya, Ermənistan(əsasən də Dağlıq Qarabağ erməniləri), İsrail kimi maraqlı ölkələri də qeyd edə bilərik. Hətta Ermənistan (əsasən DQ erməniləri) İran timsalında hadisədə uzlaşan maraqlar çərçivəsini də qeyd etmək olar. Bu gün həm də ermənilərin Tehranda iranlılarla birgə “Artsaxın blokadadan çıxarılması” şüarları ilə geniştərkibli aksiya təşkil edilmişdir.

Azərbaycan hökumətinə gəldikdə isə bu hökumət hər şeyi ilə rəzalətdir. İran kimi ölkədə özü də vəziyyətin bu qədər gərginliyi artdığı məqamda səfirliyin müdafiəsi necə bərbad təşkil edilmişdir. Ümumən səfirliyin öz ərazisi olmalı, həmin ərazi dəmir hasarlarla əhatələnməli, ən azı iki mərhələli fiziki güvənlik sistemi qurulmalı. Yoxsa “Çayxana”, ən yaxşı halda isə “Çay Evi” səviyyəsində olan səfirliyə hücum da edərlər, hələ hər şey də!

Azərbaycanda isə İran səfirliyinin gücləndirilmiş rejimlə qorunması isə İrana utandırıcı əxlaq mesajı verməkdən başqa bir şey deyil. Çünki sərt avtoritar-polis rejiminin formalaşdırdığı həyatının ümdə mənası bir qarın çörək qazanmaqla məşğul olmaq olan başı aşağı praqmatik, maksimum maddi-mənfəətcil, kütlə emosiyaları qısırlaşdırılmış Azərbaycan xalqı İran səfirliyinə qarşı ən uzağı “Aftafa qoyma” aksiyasından o yana nəsə edəsi deyil.

Qaldı orada öz xidməti borcunu yerinə yetirən şəxslərin qəhrəmanlaşdırılmasına, Azərbaycan xalqı yenə də ümumi Orta Şərq xalqları kimi qəhrəmana acdır. Qəhrəman axtarışdandır. Adam mühafizəçidir və professionaldırsa bu adamın refleksiyaları da buna müvafiqdir. Necə ki, bir futbolçunun üzərinə anidən top gələrsə adam futbolçu refleksilə gələn topa reaksiya verəcək. Bu zaman xüsusi alqışa, qəhrəmanlaşdırmaya gərək varmı? Qəhrəmana ac olan xalqlar tarixən məsih/xilaskar axtarışıyla özlərini dini buxovların, nevrozların içinə salıblar, ya da günümüzdə olduğu kimi siyasi məsihlər/xilaskarlar gözləyərək, axtararaq totalitar-avtoritar sistemlərin altında hansısa liderin və ya bir qrup şəxslərin əsirinə/köləsinə çevriliblər.

İran xalqı Azərbaycan xalqından daha çox yeniliyə açıq və cəsarətlidir

Bu yazı azadlığı üçün cəsarətlə vuruşaraq canından keçən, özünü bir şəxsiyyət və bir xalq kimi dərk edərək kölə edilməsinə qarşı baş qaldıran qəhrəman İran xalqına ithaf olunur!

İran xalqı, əsasən də gənc nüfuzu Azərbaycan xalqından potensial olaraq daha proqressiv, daha üsyankardır. İrandakı bu ayaqlanmalar birinci dəfə deyil, demək olar ki, hər il olmaqdadır. İran xalqı önündə daha qəddar totalitar rejim olmasına, edam cəzası ilə üz-üzə olmasına baxmayaraq, Azərbaycan xalqından çox daha cəsarətlidirlər. Həmçinin yeniliyə açıqlıq, liberallığa uyğunluq baxımından da İran xalqı daha müvafiqdir. On illiklərin əxlaqi tabularına, dini totalitar rejimin basqısına və cəmiyyəti formalaşdırmasına çalışmasına baxmayaraq, İran xalqı onun üçün biçilmiş əxlaq libaslarından xilas olmağa çalışır. İlk fürsətdəcə qadınlar başlarını açmağa başladılar, cütlüklər öpüşərək qol-boyun gəzərək azadlıqlarına addım atdılar və həmçinin mollaların başlarından papaqlarını da yerlə bir etdilər. Lakin, müqayisədə Azərbaycana baxanda nə görürük? Rəsmi qadağalar olmasa da azad ikən Azərbaycan xalqı özünə zəncirlər biçmişdir. Özünü sıxmaqda, kompleksdə saxlamaqdadır. Özündən bir mentalitet uyduraraq tabular yaratmaqda, öz azadlığını buxovlamaqda və azadlıqlarını, istəklərini buxovlayaraq da nevrotik bir cəmiyyət yaratmaqdadır. Fərq bilirsiniz nədir? Fərq budur ki, bir yanda azad öpüşməsi,azad geyinməsi, bir sözlə azadlığı üçün qanından, canından keçən kütlə var, bir yanda isə öpüşənləri öldürməyə daş qalaq etməyə hazır kütlə var. Azərbaycan xalqının ana kodu onun mentalitetidir. Bu mentalitetə baxdığımızda isə onun maskulin əsaslı olmasını görə bilərik. Bəli, bütün dünyada patriarxat sistem dominantdır və ümumi dəyərlərin formalaşmasında da bu özünü göstərir. Lakin, İran mədəniyyətinə baxdığımızda biz maskulinizmdən daha çox feminin çalarları görə bilərik.

Gəlin, iki xalqın formalaşdırdığı rəqsləri müqayisə edək. Bir yanda Qafqaz rəqslərinin də bir alt qolu olan (Qafqaz mədəniyyəti maskulindir) maskulin çalarlara xareqrofik texnikləri görə bilərik. Məsələn, nə qədər də Azərbaycan musiqisinə İran (hind-ari) musiqisi təsir etsə də qılıncla sərt hərəkətlər, aqressiv texnikalar, bir yanda isə daha incə, zərif və daha qadınsı İran rəqslərinə, həmçinin musiqilərinə də baxanda görə bilərik ki, Qafqazın maskulin təsirləri Azərbaycan rəqs musiqilərində özünü nisbətən daha qabarıq göstərməkdədir. İran sənət nümunələrinə – ümumi musiqidən tutmuş ədəbiyyatına, şeirlərinə, hətta fars dilinin səslənmə ahənginə, xitablarına və s. baxdığımızda görəcəyik ki, İran toplumu sənətsəl toplumdur. Bu sənətsəlliyə, hətta dilin özünə də feminin çalarlar hakimdir. Sənətsəl toplum da heç zaman ağ-qara ola bilməz. O həmişə çox çalarlıdır. Məişət səviyyəsindəki mentalitet məsələsinə gələk. İranda bir şəxs bir mollanın papağını yerə salır və gedir. Azərbaycanda bir polisə, bir dövlət məmuruna bunu etsəniz, hətta o, iblis və korrupsioner olsa da məsələyə türmə, “vor” söhbətləri qarışacaq. Yəni, dövlətin əxlaqsız məmuru da belə cəmiyyətdə hakim olmuş türmə qanunları, mentaliteti ilə özünü mühafizə edə biləcəkdir (bildiyiniz bəsit kişilik, ana-bacı söhbətləri, türmə empatiyası ilə (sənin atana edilsə xoş olarmı falan, filan)). Beləliklə, Azərbaycan xalqının mentaliteti həm də türmə qanunları ilə yoğrulmuşdur. Bu türmə məsələləri Sovetlərdən bu yana gəlsə də bayaq da qeyd etdiyim kimi, Azərbaycan xalqının mentalitetinin maskulin mədəniyyətin bir tərkibi olmasına və türmə həyat tərzinin də maskulin təbiətli olduğuna görə rahatca bu cəmiyyətdə özünə yer tapmış, oturuşmuşdur. Gələk geyim məsələsinə, istər Sovetlərdə, istər də sonrakı müstəqillik dövründə Avropaya meyilli olan cəmiyyətdə şortik geyinmək sizi diskriminasiyaya, alçaldılmaya, hətta bıçaqlanmaya belə məruz qoya bilərkən İran xalqının gəncləri isə əksinə öz geyim azadlıqları üçün ölümə belə getməkdədirlər.

Azad ikən özünü buxovlayan və geyim ilə əxlaq ölçüsü edən cəmiyyətmi daha tərəqqipərvərdir və ya on illərdir ki, dini rejim tərəfindən “əxlaq” tərbiyəsi təlqin edilən, inteqrasiya baxımından xarici ölkələrə qapalılıq və siyasi anlamda üzərində amansız, qəddar, sərt rejim diqtəsi və nəzarəti olan İran xalqımı? 1990-cı illərdə şalvar geyinən qıza fahişə damğası yapışdıran Azərbaycan cəmiyyəti haqqında onu demək olar ki, Azərbaycan cəmiyyəti kültürəl anlamda geriçi, əyalət təfəkkürünün hakim olduğu, şəhərləşməmiş (mədəniləşməmiş, sivilləşməmiş) barbar böyük kənd toplumudur. Hətta siyasi hakimiyyət – polislər belə şortikə görə adam öldürüb həbs etsələr, bu cəmiyyət tərəfindən nəinki İrandakı kimi aqressiya ilə qarşılanar, əksinə cəmiyyətdən dəstək alar, çünki bu hərəkət xalqın təfəkküründə oturuşmuş yeri vardır, dəstəyi vardır. Buna konkret misal da verə bilərik. Parkda, yolda öpüşən cütlüyə polis yaxınlaşanda, narahat edəndə, hətta zorakı müdaxilə edəndə nəinki o polis tənqid edilir, əksinə polisin hərəkəti cəmiyyət tərəfindən alqışlanır. Hətta polis olmayan yerlərdə belə polisdən öncə digər bir “kişi və qadın” buna müdaxilə edir, türmə empatiyası ilə ana-bacı söhbətləri açır və hətta fiziki zorakılıq edir, bu da Azərbaycan xalqının mentalitet simasının təcəssümüdür. Bunun kökləri həm də Azərbaycanın tarixən də bu coğrafiyada var olan dövlətlərin ucqar əyaləti olması, sivilləşmə, şəhərləşmə proseslərindən kənar qalması, burada yaşayan insanların tarixən mövcud olmuş imperiyaların, dövlətlərin mərkəzlərində, çox sakinli aktiv şəhərlərində yaşayan digər insanlarla yetəri qədər qaynayıb-qarışmaması, adətlərin də, yaşam tərzinin də, dünyagörüşün də lokal qalması və ümumilikdə qeyd etdiyim inkişafı şərtləndirən amillərin kifayət dərəcədə var olmamasına qədər gedib çıxır. Nəticədə qarşılaşdırma apardığımızda açıqca görürük ki, İran xalqı məhkum edildiyi bütün buxovlara baxmayaraq, mənəvi cəhətdən, ruhən qat-qat daha azaddır. Plastik əməliyyat məsələsi də önə sürülən tezisləri doğrulamaqdadır. Azərbaycanda hər zaman bir qadının plastik əməliyyat etdirməsi əxlaqsızlıqla assosiasiya olunsa da İran bildiyimiz kimi, statistikaya əsasən ən çox plastik əməliyyatın olunduğu ölkədir. Söhbət plastik əməliyyatların yaxşı olub və ya olmaması deyil, sadəcə Azərbaycan toplumu hər bir şeyə axmaq, anlamsız, əxlaq tabuları qoymasına baxmayaraq, “əxlaqın” hökmran olduğu İran toplumunda biz bunu görmürük.

Xülasə, bütün bu müqayisələr onu göstərir ki, İran xalqı bu rejimi yıxdıqdan qısa bir sürə sonra özünü toparlayacaq və inkişaf etmiş xalqların cərgəsinə qoşulacaqdır. Hətta əminəm ki, Türkiyə toplumunun proqressiv kəsimindən belə daha irəli gedəcəkdir. Bütün bu yazdıqlarım həmçinin Cənubi Azərbaycan xalqı üçün də aşağı-yuxarı keçərlidir. Təbii ki, tam keçərli deyil, Cənubi Azərbaycan xalqında da şimaldakı toplumun paylaşdıqları ortaq mental dəyərlər var. Lakin, ümumilikdə İran xalqlarının bölüşdüyü ortaqlıqlar daha çoxdur. Yəni, İran molla rejimi yıxıldıqdan qısa sürə sonra Cənubi Azərbaycan xalqı da buradakı xalqdan daha proqressiv olacaqdır. “Artıq Cənubi Azərbaycan xalqı bizlə birləşərsə bizi geriçi edərmi?” sualı “Biz – cənublular şimallılarla birləşərsək geriçi olarıqmı?” deyə dəyişəcəkdir.

İnsanı azadlığa aparan 3 mərhələ və ilahi-dini zəncirlər…

İnsan həyatında bir neçə mərhələdə azadlığı üçün vuruşur.

İlk mərhələ ailə daxilində ailəsinin dayatdığı düzənə qarşı baş qaldırmadır. Bu onun həyatında azadlıq üçün verdiyi ilk mübarizəsidir.

Burada adətən sərt, hegemon diqtəedici və qorxuducu ata obrazına qarşı gəlməkdən tutmuş, anaya qarşı da gələrək ana obrazının əvəzsiz şəkildə ərköyünləşdirəcək qədər rahatlıq və güvən verən himayəedici qoruyuculuğundan məhrum olmaqdan söz gedir. Şəxs oğlandırsa cinsi yetişkənlik, həyatı cinsi yönəlimlər üzərindən analaması üçün ideal, kumir, prototip rolunu oynayan atasını, şəxs qızdırsa eyni qaydada cinsi prototip olaraq anasını, uşaqlığından bəri bunların üzərindən qurduğu təqlidi, mühakimələri, normaları, doqmaları dağıtmış olur. Həmçinin onun bu baş qaldırması uşaqlığından bəri onu sağ qalmaq qayğılarından azad edən hüzurlu bir yaşamı itirmək təhlükəsi ilə üz-üzə qoyur. Bu ilanın öz qabığını tərk etməsi qədər manidar bir hadisədir. Bir sözlə, ilk ağrılı və məsuliyyət gətirici müstəqillik çırpıntıları…

Daha sonra cəmiyyətin, ətrafının ona dayatdığı normalara qarşı çıxır, hansı ki, onun arzu istəkləri ilə ziddiyyət təşkil edir. Bu kəmiyyət etibarı ilə daha geniş və təhlükəli hal almağa başlayır. Sənə sərt üzünü göstərməsinə baxmayaraq doğma olan bir atadan yönəlirsən səni potensial olaraq məhv etməyə qadir olan yad özgələrə qarşı mübarizə etməyə. Və burada ən öldürücü silah da diskriminasiya, məqsədyönlü şəkildə yalqızlaşdırılmaqdır. Çünki cəmiyyətin sənin üçün ölçüb-biçdiyi müəyyən qəliblər var ki, yalnız bu qəliblərə uyğun gəldiyin təqdirdə cəmiyyət səni özündən biri kimi görəcək, hiss edəcək və qəbul edəcək. Burada sual yarana bilər ki, cəmiyyət niyə qəliblərlə yaşayır. Birincisi, insanın yaratdığı bu sosial konstruksiya məhz elə insanın öz təməl davranışlarını özündə əks etdirməkdədir. Cəmiyyət müəyyən dəyərlər, normalar üstündə bərqərar olur ki, məhz cəmiyyəti də bütöv bir məfhum kimi sağ saxlayan da elə bu normaların, doqmaların sabit vəziyyətdə mövcud qalmasıdır. Buradan çıxan məsələ budur ki, cəmiyyət mövcud bütöv bir məfhum olaraq onun da qorxuları, sağ qalmaq qayğıları var. Buna görə də cəmiyyət onun ümumi razılaşdırılmış və qəbul edilmiş dəyərlərinə qarşı olanları, yaxud bu dəyərlərə uyğun olmayanları özgələşdirir, təhdid kimi alqılayır. Çünki insan beyni də belə işləyir, sən ona nə qədər uyğunsansa, sən təhlükəli deyilsən, amma nə qədər uyğunsuzsansa, sən bir o qədər təhlükə mənbəyi olmağa yaxınsan.

Növbəti mərhələ isə ən çətini, həssası və proses olaraq ən uzunu, həmçinin sosial miqyası baxımından ən geniş əhatə dairəsinə aid olanıdır ki, bu da dindir.

Burada məsələnin fundamental ciddiyyəti bundadır ki, şəxs bura qədər keçdiyi bütün mərhələlərin indi birləşmiş halıyla üz-üzədir, bu isə daha çətindir. O, indi nəinki onu fiziki olaraq var edən atasına, anasına, onların əmrlərinə, yaxud ona təmin etdikləri yaşam təhlükəsizliyinə, qayğısızlığına, hüzuruna qarşı çıxmış olacaq, o burada fundamental anlamda bütün kainatı, bəşəriyyəti var edən ən ali qüvvə sahibi olan, ona və bütün bəşəriyyətə qayda-qanun qoyan, bütün insanların ən ali səviyyədə yaşam təhlükəsizliyini və yaşamaqlarının anlamının qaynağı təşkil edən, cəzası isə mütləq şəkildə daha ağır olması gözlənilən ilahi bir qüvvəyə qarşı baş qaldırmış olacaq.

Bu baş qaldırış isə özlüyündə ilahi cəzalarla birgə həm də sosial cəzaları da gətirəcək. İlk cəza zərbəsi də ailədən, sonra dost tanışlardan başlayaraq bütün ətrafından gələcək. Çünki övladın hərəkətləri digərlərinin ailəyə qarşı münasibətini ciddi surətdə şəkilləndirə bilir. Ona görə ki, qəbul edilmiş normativlərə əsasən məhz övlada tərbiyə verərək onun şəxsiyyətini şəkilləndirməyə öhdəlikli olan subyekt ailədir. Ailə isə övladının cəmiyyətin ümumi normalarını tapdalaması  ailə, dost tanışlar və ümumilikdə cəmiyyət tərəfindən diskriminasiya edilmək, yarğılanmaq təhlükəsi ilə qarşı-qarşıya qalır. Ailələr üçün cəmiyyətdəki nüfuz məsələsi bir mərhələdən sonra övladın üzərinə köçürülür. Övladın uğurları məhz bu mərhələdə ailəni digər ailələrlə rəqabətdə daha üst pilləyə çıxmasına imkan tanıya bilir, eynən uğursuzluqları da əks effekt verir. Dost-tanışlar da təbii olaraq həmin inkarçı şəxsin onların dəyərlərinə zidd olduğunu, yolunu azaraq təhlükə mənbəyinə çevrildiyini düşünürlər.

Həmin şəxs sosial cəhətdən tanınmış şəxsdirsə, bu bütün cəmiyyətin, xalqın ona qarşı olmasına qədər gətirib çıxaracaq. Sən ilahi qanunlara qarşı gəlməklə təkcə özlüyündə qanunlara qarşı gəlmiş olmursan, sən həm də bütün inanmışların bütlərini sındırmış, şübhə altına almış, ekzistensial anlamda onların mövcudiyyətlik anlamlarını, həyat, yaşam mənalarını əllərindən almış olursan.

Məsələ burasındadır ki, bu proses hər kəsdə yaşanmır, yəni hər kəs bu mərhələləri keçmir, hətta birinci mərhələni belə keçməyən yarım şəxsiyyətlər doludur cəmiyyətdə. Və dini sorğulamaq edilmiş ilk təməlli fəlsəfi sorğulama, düşünmədir ki, bu da özlüyündə insanlığın zəkasını gəlişdirən təməllərdən biri olmuşdur. Çünki bir din mütləq bir həqiqətləri, normaları qoyan məfhumdur, həmin inkarçı proqressiv fərdlər isə bu normaları yıxır və köhnəlmiş, artıq dəyərdən daha çox zərərə çevrilmiş o doqmaları faktiki dövrlərinin tələblərinə uyğun normalarla əvəzləyirlər. Məhz bu prosesin sayəsində tarixin dialektik qanunauyğunluğu, dinamikası mövcud olmuşdur. Əks halda insanlıq tarixi tənəzzülə məhkumdur. Çünki homo-sapiensin həyatına təsir edən əsas məfhum ağıldır. Ağıl isə normalar, dəyərlər, doqmalar adlandırdığımız müxtəlif abstraksiyalar yaradır, hansı ki, bu abstraksiyalar öz dövrlərində faydalı osla da sonrasında köhnələrək insanlığın boğazına keçmiş tikanlı məftilə dönüşmüşdür..

Həmçinin buradan çıxan nəticə budur ki, hətta şəxsi mənafe üçün deyil də toplum mənafeyi üçün yeni din gətirənlər belə insanlıq tarixinin ilk fəlsəfi sorğulayıcıları olmuşlar.

Təbii ki, din dövrünün çərçivəsində insan cəmiyyətlərinin idarəedilməsi üçün lazım idi. Bu dini gətirənlərdən bəziləri bunu bilirdilər, bəziləri isə sırf şəxsi mənafe, status, ambisiya, şəxsiyyət natamamlıqları baxımından bunu etmişdilər. Amma insanlıq tarixində Antik-Yunan fəlsəfəsi tarixi önəmli yerə malikdir, məhz buradakı bir çox filosoflar mistik-dini düşüncələrdən maksimum uzaqlaşaraq elmlə, fəlsəfə ilə gələcəyimizə işıq tutmuş, modern dövrdə qəbul edilmiş standartlara uyğun bugünkü elmin təqdirəlayiq və gözəçarpacaq yaradıcıları olmuşlar. Sonda tövsiyəm isə budur ki, kamilləşməmiş insanlıq isə mütləq ki, bir büt, bir peyğəmbər axtarırsa, o filosofları seçsin…

P.S siyasi azadlıqlar üçün mübarizə isə daha sonrakı mərhələdə insanlığın ümumi şüur inkişafı, fərdiyyətçiliyin və fərqindəliklərin artması ilə baş vermişdir ki, bu da özlüyündə önəmli bir mərhələ olsa da ən təməl mərhələlər yuxarıda sadaladıqlarımdır ki, bu mərhələnin də kökündə həmin o yuxarıdakı 3 mərhələ dayanmaqdadır.

Geriçi az-sektor ilə problemli rus-sektor dilemması

Dönəm-dönəm rus bölməsi (bundan sonra: rus-sektor), rus dilli məktəblərin bağlanması ilə bağlı söhbətlər gündəmə gəlməkdədir. Bu məqalədə də məhz bu məsələyə daha ətraflı baxılacaqdır. Öncəliklə onu deyim ki, rus-sektoru bağlanmalıdırmı ? – Bəli. Bu sualın cavabının izahına ən sonda qayıdacağıq. İndi isə başlayaq mövzunu içindən parça-parça analiz etməyə.

Buradakı əsas məsələ təkcə rus sektorlarının bağlanması deyil. Əsas məsələ verilməli olan sualdır: nəyə görə Azərbaycan bölməsinə (bundan sonra: az-sektor) nisbətən rus-sektor oxumağa (məsələ DİM balı yox, dünyagörüşü inkişaf etdirən, həqiqi bilik verən ümumi kitab oxunması) daha çox etik-mədəni davranışa, daha artıq ictimai aktivliyə, modernliyə meyilli olurlar. Bunun əsas cavabı budur: rus-sektorunda təhsil alan uşaqların çoxsunun valideynləri təhsilli, hansısa səviyyədə, müstəvidə elit mütəxəssis (elit kəliməsi burada şərti olaraq işlənmişdir) sayılacaq şəxslərdir. Bu şəxslərin də tərbiyə edib böyütdüyü uşaqlar, əlbəttə, kənd-rayon, məişət təfəkkürlü (qeyd: bu aşağılama deyil, obrazlı təşbeh, bədii ümumiləşdirmədir) valideynin verdiyi tərbiyə ilə eyni olası deyil. Həmin ailələrdə böyüyən uşaqlar gözünü açıb oxumağı, araşdırmağı, yüksək sosial şərtləri görərkən əks tərəfdə digəri kitab oxumağı görməz, etik davranış, dünyagörüş qısıtlı olar, maddi təminatlar aşağılığından çox zaman yüksək təhsil, keyfiyyətli sosiallaşma şərtləri qarşılanmaz. Digər məsələ də hətta ailəsi elit sayılmayacaq şəxslərin uşaqları orada oxuduqda həm müəllim çevrəsindən, həm digər uşaqların yaratdığı mühitlə əlaqədə olduğundan müəyyən dərəcədə də olsa müsbət irəliləyiş əldə edirlər.

Digər yandan az-sektor müəllimləri ənənəvi azərbaycanlı toksik-mental şüurunun arxiteplərini uşaqlara diqtə etsə də rus sektorda nisbətən, ya da tamamən vəziyyət fərqli olur. Uşaqları daha azad və şəxsiyyət kimi tərbiyə edərək onları natamamlıq kompleksindən, özünə qapanmadan, şüuru, düşünməni iflic edən əxlaqi konservativlikdən və s. neqativ hallardan uzaq saxlaya bilirlər. Nəticədə həmin uşaq daha olğun hərtərəfli şəxsiyyət kimi yetişir və infantillik xeyli ölçüdə görünmür. Həmçinin uşaq bağçalarında da oxşar hallara rast gəlmək mümkündür.

Ənənəvi azərbaycanlı ailəsi qızının sevgilisi olduğunu bilsə əlinə balta alıb birinci qızının, ikinci oğlanın ardıyca düşərkən rus və yaxud rus-sektor təhsilli şəxslərdə bu daha mülayim bir görüntü ilə müşahidə edilir. Rus sektorunun geyimi onun şən, əyləncə dolu, yaşam dolu səmimi rəngarəng və fərdi azadlığa meyilli daxili aləmini açarkən az-sektorun geyimi tünd qara, monoton və depressiv rənglərlə onun içindəki zülmətin, kibirin, sərhədlərin, ictimai köləliyin (mentalitet köləliyi), streotiplərin, önyarğıların, dedi-qoduların, rəngini özündə ehtiva etməkdədir. Həmin azərbaycanlı küçədəki özündən fərqli geyinən, saç saxlayan birinə söz atarkən, dava edib xəsarət yetirməyə çalışarkən eynən məktəblərdə öyrədildiyi kimi konnservativ narrativlərə uyğun olaraq “Azərbaycanlı kişisinə” yaraşan “qeyrət-namus qoruma” missiyasın yerinə yetirərkən rus-sektor üçün bu vəziyyət nisbətən və ya xeyli dərəcədə müsbət anlamda fərqlidir. Çünki rus-sektorunda təhsil almış adamın həm də müəllim və ailəsindən savayı izlədiyi filmdən oxuduğu kitabdan tutmuş istiqaməti Rusiyadır, bu da hansı Rusiya ki, nə qədər geriçi olsa da belə özündə avropalılıq izlərini daşımaqdadır. Ən azından azərbaycanlı Novruzəlinin prototipində olduğunda rus həmin azərbaycanlıya oxuma-yazma verən Çar Pyotorun prototipində idi, hansı ki, məhz Pyotordan başlayan Avropanın tərəqqilərini təqlidetmə vasitəsilə də olsa əldəetmə yolu tutulmuşdu. Rəqabət Avropa ilə idi.

Qısaca buradan da keçid etməli olduğumuz məsələ dillə bağlıdır. Azərbaycan hökumətinin əxlaqsızlıq və yarıtmazlığından bu gün Azərbaycan dilində (daha doğrusu Azərbaycan türkçəsi) heç bir ciddi akademik nəşrlər tapa bilməzsiniz, hətta kitab oxuma göstəriciləri və alışqanlıqları çox da ürəkaçan olmayan qonşumuz-qardaşımız Türkiyə ilə müqayisədə Azərbaycanda tərcümə nəşrlər sadəcə okeanda bir damcı sudur. Az-sektor azərbaycanlı peyk antenaların sayəsində Anadolu türkçəsini öyrənməsə idi bu gün Azərbaycan türkçəsini bilməklə sadəcə 3-5 akademik kitabla yetinəcəkdi (onların da tərcüməsi google-translate proqramının etdiyindən fərqlənmir) qısacası, ətraf aləmdən, qloballaşan dünyadan, qlobal informasiya axınından izolyasiya olmuş şəkildə yaşayacaqdı. Lakin, rus dilli azərbaycanlı zəngin ümumbəşəri və fəlsəfi ağırlığı olan rus ədəbiyyatı daxil həmçinin rus dilindəki digər mənbələrə də asanlıqla çıxış imkanı əldə etməkdədir.

Universitetlərin dərs materialını öz dilində tapa bilməyən azərbaycanlı öz uşağını az-sektora qoyarmı, yaxud qoymalımı? Məsələn, Azərbaycanın youtube seqmentində bəlkə də bir əllə sayılacaq qədər maarifləndirici, faydalı (onların da keyfiyyəti sual altındadır) kanallar varkən, həmən şəbəkənin rus bölməsində minlərlə belə kanallar tapmaq olar, keyfiyyətləri də xeyli ürəkaçıcı. Yaxud hansısa məsələ barədə Google-un Azərbaycan türkçəsindəki bölməsini istifadə edərək nə dərəcədə yaralı barmağına əlac tapa bilərsən? Halbuki, rus dilində nəinki google sənin köməyinə yetəcək, hətta müxtəlif önəmli məsələlərdə ixtisaslaşmış saytlar belə tapmağın mümkündür. Anadolu türkləri terminləri öz dillərinin daxili quruluşuna uyğun formada öztürkçələşdirərək yeni sözlər yaratmaqla dili daimi yeni və inkişafda tutarkən bir qisim azərbaycanlının işi isə türkiyəlini axmaqcasına ələ salaraq Anadolu türkçəsinin deyil də, bəlkə də 70-80 faizi ərəb-fars sözlərindən və qısıt lüğət tərkibindən ibarət olan Azərbaycan dilinin əsl türkçə olduğunu, sinəsini Şimpanzelər kimi qabardıb da səsləndirərək fəxr edər. Halbuki, dilin yaradıcısının məhz mövcud xalq olduğunu və xalqın yaşamı, təsərrüfat qaydaları, şüuru dəyişdikcə dilin də dəyişməsinin, yaxud yenilənməsinin, genişlənməsinin labüd olduğunu anlamaz. Çünki konservativ narrativlərlə böyüdülən azərbaycanlı hər sahədə olduğu kimi bu sahədə də inkişafı, tərəqqini, yenilənməni “şeytan əməli” sayar. Xülasə, bütün bunlar rus dilli azərbaycanlının inkişaf etməsində ciddi imkanlar sağlayarkən az-sektor azərbaycanlı üçün imkanlar məhdud olmuşdur, bu da onun inkişafında öz mənfi təzahürünü göstərmişdir.

İndi isə son hissəyə keçid edərək gələk mövzunun başındakı məsələyə. Mən rus-sektorların qeyd-şərtsiz bağlanmasını qeyd etdim. Mənim əsaslandıracağım izah bundan ibarətdir: birincisi, məsələnin ən primitiv tərəfi budur ki, özünə hörmət edən, suveren, müstəqil olduğunu iddia edən heç bir ölkədə dövlət hesabına (özəl olması mümkündür) başqa bir ölkənin (hətta bu ölkənin işğalçı bir imperiya olmasını nəzərə almasaq da belə) dilində məktəblər ola bilməz. İkincisi, rus dili bölmələri və məktəblərinin Rusiya üçün Putinin də dediklərini nəzərə alanda önəmli yerə sahib olduğu bir daha təsdiqini tapır. Çünki Rusiya bir imperiyadır, bu onun bütün davranışlarında özünü biruzə verməkdədir. Post-sovetlər onun gözündə və təəssüf ki, praktiki əməlində də onun arxabağçasıdır. Hər bir imperiya öz dilini yaymağa çalışır, çünki dil informasiya vasitəsidir. Dil “soft power” dediyimiz yumşaq güc ilə digər əraziləri, xalqları öz orbitində saxlamaq üçün önəmli vasitədir. Dil ideoloji işin, təbliğatın aparılması üçün də əsas vasitədir. Rus kitablarını oxuyaraq, rus kinolarını, verilişlərini izləyərək, rus saytlarından xəbərləri təqib edərək və s. ilə gününü keçirənlərin böyük qisminin rus ideoloji propaqanda təsirinə düşməsi qaçınılmazdır.

Dil insanın ruhudur və bir toplumun dili yabancıdırsa demək onun ruhu da yabancıdır. Bu baxımdan da rus dili məsələsiylə bağlı problem geopolitikdir, bunun geopolitik bir məsələ olması da Rusiyanın Krım məsələsində, Moldova məsələsində və s. müstəvilərdə rus dilli əhalidən istifadə etməsi ilə dəfələrlə sübut olunmuşdur. Həmçinin bəhs edilən bu kontekstdə Rusiya konstitutsiyasındakı son dəyişiklikdən sonra SSRİ varisliyinin hüquqiləşdirilməsi ilə müəyyən daxili hüquqi alət də yaradılmışdır. Bu baxımdan da ideoloji fundament daxil bütün anlamlarda suveren qalmaq istəyən Azərbaycan vaxt itirmədən rus bölmələrini ləğv etməldir. Rus dilli məktəblər yalnız və yalnız özəlləşdirilmiş halda sahibkarlıq tələblərinə uyğun formada istifadə bilər necə ki, fransız məktəbi, Britaniya məktəbi kimi. Rus dilinin aidiyyəti olmadan iş elanlarında bir tələb kimi qoyulması da şübhəsizi ki, məhz Rusiyanın imperial təkidinin nəticəsində gerçəkləşmişdir. Təbii ki, bugünkü hökumətin Azərbaycan türkçəsinə belə aşağılayıcı yanaşması da onun Moskva ilə bağlı köklərində gizlidir. İndi gələk bu prosesin necə olacağına? Necə mümkün olacaq ki, rus-sektorlar ləğv edilərkən yuxarıdakı saydığımız neqativ hallarla üzləşməyək. Hər şey çox bəsitdir əslində. Daha doğrusu gediləsi istiqamətin müəyyən edilməsi bəsitdir, yol özü uzun və keşməkeşli olsa da. Yol budur: kütləvi şəkildə Azərbaycan türkçəsinə tərcümə edilərək külli miqdarda akademik və bədii kitablar nəşr edilməli, özəl nəşriyyatlar dövlət tərəfindən xüsusi proqramlarla stimullaşdırlmalı, Azərbaycan Universitetlərinin hər birində bütün sahib olduqları ixtisaslara uyğun modern və önəmli beynəlxalq kitabların, məqalələrin tərcümə və nəşr edilməsi işi başlanmalı və bu iş daimi olaraq davam etməli. Müstəqil bloqerlər, sayt rəhbərləri stimullaşdırılaraq Azərbaycan türkçəsində internet saytlarında ciddi kontentlərin yaradılması işinə başlamalı. İş yerlərində aidiyyətsiz rus dili tələbləri tamamən yığışdırılmalı və qadağan edilməli.  Və burada qeyd etməyi unutduğum daha bir çox işlər də görülməlidir, hansı ki, bunun üçün də bu yolu keçən ölkələrin (məs: Türkiyə) təcrübələrindən yararlana bilərlər. Bu baxımdan dilin ağıllı bir biçimdə yenilənməsi və lüğət tərkibinin genişləndirilməsi lazımdır. Bu məsələdə Türkiyəli alimlərin ortaq iştirakı mütləqdir. Bütün bu proseslər zamanı ən pis variant kimi yalnız müvəqqəti şəkildə ingilis dilli bölmələrin yaradılması da mümkün haldır.

Son olaraq onu qeyd edim ki, burada olan bütün tənqidlər müqayisələr problemi ümumi şəkildə təsvir və izah etmək üçün ümumiləşdirmələrə əsaslanaraq aparılmışdır. Fərdi qayda da hər iki bölmədən olan insanların həm müsbət keyfiyyətləri, bilik və bacarıqları, həm də mənfi yöndəki çatışmazlıqları nəzərə alınmalıdır və bu istisna edilmir.

Küçə etirazları və Seçki

Bütün avtoritar-despotik sistemlərin əsas qorxduğu şey küçə etirazları, sərbəst toplaşmalardır. Və həmçinin demokratiyanın da ən fundamental sütunlarından biri də məhz küçə etirazları, sərbəst toplaşmaq hüququdur.

Niyə görə küçə etirazları demokratiya açısından fundamental bir hüquq kimi vacibdir ?

Bu haqda çox detallıca danışmaq olar. İlk olaraq onu qeyd edim ki, küçə etirazları xalqın, toplumun öz rəyini, reaksiyasını birbaşa ortaya qoymasıdır. Birbaşa demokratiyalarda olan xalqın öz seçimini, səsverməsini etmək üçün birbaşa iştiraketmə hüququ ilə eyni, əkiz mahiyyətdədir. Küçə etirazlarının gücünü təşkil edən əsas faktor onun imitasiya edilə bilinməzliyi ilə paralel spontanlığa bağlı olmasıdır. Spontanlıq isə despotik rejimlər tərəfindən planlanmanı və idarəetməni müşkül edir. Küçə etirazları mahiyyəti etibarı ilə hesablanan deyil. Hətta nəzərə alanda ki, avtokratik və ümumən despotik sistemlərin elitaları çoxunluqla keyfiyyətsiz olduğundan(sistem nepotizm və kronizm əsaslı qurulduğundan) hesablamaların təxmini olaraq da öngörülməsi çox müşkül işə çevrilir. Həmçinin bütün despotik-tiranik sistemlər, şəxslər, qruplar uzun zaman ərzində hakimiyyətdə qaldıqlarından hakimiyyətin yaratdığı şüuri yozlaşma, deqredasiya və hakimiyyətin içində olmaqdan yana yaranan vakuum effekti nəticəsində gerçəklikliklərdən izolyasiya olunmuşluq onların hadisələri real qiymətləndirməsinə, anlamağına və çıxarılan adekvat, analitik nəticələrə uyğun tədbirlər görməyinə imkan vermir.

Bundan başqa bu cür sistemlərdə seçki institutları daxil bütün demokratik təsisatlar və hətta bu təsisatların rüşeymi olacaq məfhumlar ya tamamən dağıdıldığından, ya da ümumən heç var olmadığından küçə etirazları yeganə yol kimi xalqın idarəetmədə iştirakçılıq payı əldə etməsi üçün, ya da öz sosial istəklərini əldə etmək üçün yaratdığı təzyiq vasitəsidir.

BAKU AZERBAİJAN PROTEST- 2003

Təzyiq isə bu sistemlərdə çox vacib amildir, çünki heç bir despotik-tiranik sistem öz xoşluğu ilə hansısa yumşalmalara getməz. Bu onun təbiətinə ziddir. Həmçinin belə bir yumşalmaya getmək də onun qurub-yaratdığı və əldə saxladığı hakimiyyətinin çökməsinin başlanmasına səbəb olar. İstənilən kiçik bir yumşalma hakimiyyətlərinin laxlamasına bəs edər. Çünki qeyri-legitimdir və demokratik-liberal sistemlərin əksinə təbiəti etibarı ilə azadlıqların, pluralizmin deyil, məhdudiyyətlərin birgəliyindən yaranan sistemdir. Ona görə də həmin sistemlər yalnız təzyiq vasitəsilə fakt qarşısında, zərurət qarşısında qalaraq hansısa güzəştlərə, kompromislərə gedəcəklər.

Küçə idarəolunmazdır fundamental anlamda. Bu o baxımdan belədir ki, küçə etirazlarına həmin hökumətlərin reaksiyası hər iki istiqamətdə məhz elə özlərinə nəzərən zərərvericidir. Çünki küçə etirazlarının qarşısında onlar üçün iki seçim yaranır: ya müdaxilə edib dağıtmalı, ya da imkan tanımalı. Əgər müdaxilə edib dağıdarsa (əksərən bu olur) nəticədə hər dağıdılma həm aktiv kəsimin daha da radikallaşmasına, bütün qurula biləcək təmas körpülərinin yandırılmasına, həm də apolitik, yaxud bitərəf kütlələrin də müxalif mövqeyə sürüklənməsinə yol açır. Həmçinin küçə etirazlarının imitasiya edilə bilinməzliyi ondan qaynaqlıdır ki, sən saxta şəxslərdən istifadə edərək sosial sifarişli hansısa gündəmlə, mövzuyla bağlı etiraz təşkil edib də onu tam kontrol altında saxlaya bilməzsən. Küçə etirazları texniki baxımdan hər kəsə açıqdır və nə qədər kütlənin qoşulacağı da sual altındadır. Əlavə olaraq da teorik-psixoloji aspektdən də yanaşsaq artan və sayca artıq müqayisəyə gəlməz tərkibə sahib kütlənin içində onun bir homogen üzvünə çevrilən saxta şəxslər də kütlə ilə ahəngdar hissləri bölüşə, oxşar davranışlar sərgiləyə bilərlər, bu da ümumi kütlə psixologiyası ilə bağlı araşdırma nöqteyi-nəzərindən istisna edilməyən ehtimallardandır.

Həmçinin də Azərbaycan kimi demokratiya ixracatçısı olan Qərb ölkələri, təşkilatları və həmin Qərb ölkələrinin də əsas güc, nüfuz sahibi olduğu beynəlxalq təşkilatlarla sıx əlaqədə, geomüstəvi və geopolitik zərurətlərdən yaranan inteqrasiyada olan ölkələr üçün hər müdaxilə əlavə beynəlxalq ictimai problem, baş ağrısı, demokratiya və hüquqi azadlıqlar baxımından daha çox xarici təzyiqlərə, sanksiyalara açıqlıq yaradır. İkinci seçim istiqaməti isə müdaxilə etməməkdir. Bu isə ya hadisələrin daha da böyüməsinə və artıq idarəolunmaz hala gəlməsinə, hətta sonrakı zorakı müdaxilələrin də birbaşa öz ayağına sıxmaqla nəticələnməsinə gətirib çıxara bilər, ya da hadisələr indi bitmiş kimi görünsə də özünə güvənən, uğur əldə edən toplumun daha böyük kütlələrlə növbəti etirazları başlatmasına, etirazlara qatılmasına səbəb olar ki, bu da həmin despotik sistemin birinci mərhələdə ya ciddi islahatlara getməsinə, ya sonradan koalisiya qurmasına, ya seçki keçirməsinə, ya da birbaşa istefaya getməsinə səbəb ola bilər. Ona görə də küçə etirazları dilemmatik prosesdir.

BAKU, AZERBAİJAN PROTEST – 2003

İndi isə gələk seçki məsələsinə.

Seçki isə bundan fərqlidir. İlk fərqlilik seçkinin hesablana bilən və imitasiya edilə bilən xarakterə malik olmasıdır. Çünki seçki bəlli bir təqvimə, bəlli bir seçici sayına, struktura, imitasiya xarakteri olsa da bəlli hüquqi əsasa, qurumlara, təşkilatlara indekslidir.

Seçki sizə bəlli bir yol çizir, siz də həmin yoldan getməlisiniz, çünki başqa cür heç bir hadisə nə seçki davranışı sayılır, nə hüquqi çərçivəyə uyğun olur. Həmin sistemlər isə öncədən lazımi formada seçki üçün edə biləcəkləri, yönləndirəcəkləri üsulları müəyyən edib planlayırlar və fors-major hallar üçün də müxtəlif alternativ planlar tərtib edirlər. Digər yandan seçkinin imitasiyası və uzun müddətli zaman içində seçkili institutların gözdən salınaraq etimadsızlaşdırılması, narazılığı olsa da belə, passiv xarakterli böyük, apolitik, ümidsiz insanlar kütləsinin yaranmasına səbəb olur. Hətta seçki kampaniyaları zamanı yalnız həmin hökumətlər deyil, məhz həmin apolitik kütlələr də seçkini gözdən salacaq, qeyri-şüuri, spontan və individual təbliğatlar edirlər, hətta əslində faktiki sistemdən zərərçəkmiş olsalar da belə. Nəticədə aparılan seçki kampaniyasının önündə iki əngəl dayanır: despotik hökumətin inzibati-sistematik əngəlləri, xalqın özünün bivecliyi və anlaqsızlığından yaranan adekvat düşünə bilməməyi nəticəsində zərərverici əks təbliğatı.

Digər yandan daha böyük bir əngəl də elektoratın-seçicilərin keyfiyyətsiz olmasındadır. Əlbəttə, bu, belə də olmalı idi. Uzun zaman ərzində manqurtlaşdırılmağa, rahat idarəedilməyə hesablı təhsilin, təbliğin, idarəetmənin tətbiqi nəticəsində və yuxarıda qeyd etdiyimiz seçki təzyiqləri və imitasiya ilə etimadsızlaşdırmaya görə seçicilərin keyfiyyətsiz olmasıdır. Seçici siyasi şüur baxımından yetkin deyil, təfəkkürü çox qısıtlıdır, tez manipulyasiya edilə biləndir, demokratiya və insan haqları dəyərini anlamır, korrupsiya başda olmaqla hökumətin cinayətkar davranışları ilə faktiki siyasi-sosial durumunu tam əlaqələndirə bilmir və s. Qısaca, demokratik oyunçular üçün gərəkli olan siyasi yetkin və maariflənmiş elektoratın olmaması, əldə olan elektoratın da onların təbliğatını anlamaması nəticəsində seçki tam effektsizliklə nəticələnir, bu, özü də özlüyündə növbəti seçkiyə qədər olan periodda apolitikliyi, kütləvi siyasi travmanı, anlaqsızlığı daha da dərinləşdirir. Həmçinin seçki komitələrinin hüquqi don geyindirilmiş planlı saxtakarlıqlarının önünü almaq üçün pluralistik şəkildə təşkil olunan komissiya üzvlərinin olmaması da buna yol açır və həmin hökumətlər də heç zaman xoşluqla komissiya üzvlərinin müstəqilləşməsi daxil seçki islahatlarına getməzlər.

Nəticə: Qısaca, burada qeyd edilənlərin ümumi məcmusu bundan ibarətdir ki, despotik avtoritar-totalitar sistemləri istər islahata, istər istefaya zorlayacaq tək şey zərurət yaradacaq həqiqi təzyiqlərin edilməsidir. Bu zəruri təzyiqlərin ən önəmli ünsürü hesablana bilməyən küçə etirazlarıdır, sərbəst toplaşmalardır. Hətta seçki nəticələrinin saxtalaşdırılmasının önünü almaq da seçki sonrası küçə etirazları ilə mümkündür. Lakin, küçə etirazlarının, mitinqlərin daha effektivliyi müxalif partiya, təşkilat tərəfdən edilirsə, sosial sifarişli mövzular əsasında, həmçinin düzgün zaman və məkanda olmalı, yeni partiya və simalar tərəfindən edilməli, yaxud xalqın özünün spontan başlatdığı etirazlardırsa, etirazın ardıcıllığı olmalı və bu müddətdə siyasi partiyaların da, toplumun ziyalı, nüfuzlu, tanınmış kəsiminin də dəstək verməsidir. Şablonik şüarlarla bəzədilmiş, birbaşa isti hadisələrə söykənməyən, sosial sifariş şərtlərinə tam uyğun olmadan, əlaqəsiz təqvim günlərinə elan edilən, sosial mühəndisliyi qurulmayan və s bu kimi fundamental effektiv, dayanıqlı konstruksiya şərtləri nəzərə alınmadan baş verən aksiyalar impatentdir.

Bir qarış torpaqmı, yoxsa insan həyatımı – hansı daha önəmli ?

Müharibələrin yaşanması həmin müharibələrdə kimin qalib gəlməsindən asılı olmayaraq bütün tərəflər üçün dəhşətli, faciəvi haldır. Müharibə lənətdir, rəzalətdir, inkişaf etmiş mürəkkəb konstruksiyalı ağıla(beyinə) sahib modern insan üçün utanc yeridir. Son günlərdə artan primitiv müharibə dəstəkçilərini çıxsaq, müharibə haqqında tənqidi formada müxtəlif səpkili yazıları oxuyuruq. Bu yazıların çoxusu primitiv müharibə dəstəkçilərinin yazılarıyla eyni mahiyyətdə olaraq heç bir dərin analitik, rasional əsaslara söykənmir. Sadəcə bədii və pafos dolu sözlərlə bəzədilmiş olur. Lakin, bu yazılardan bir neçəsi diqqətimi çəkdi və sonuncu oxuduğum məni bir qədər düşündürdü. Yazının emosional və məişət tərəfini çıxarsaq, mənə maraqlı gələn hissələrinin ümumi məzmunu belə idi:

“torpaqların qaytarılması, əlbəttə ki, bizim üçün önəmlidir, lakin o torpaqlar düşünmürəm ki, hansısa şəxslərin həyatından daha dəyərli olsun. Müharibə dəstəkçisi olub da torpaqların azad olunmasına səsələyən şəxslər də inanmıram öz yaxınlarını torpaq üçün səmimi şəkildə qurban versinlər və onların həyatlarını, yaşamalarını deyil, torpağın qayıtmasını seçsinlər.”

Bu, çox maraqlı bir yanaşma idi. Bəli, bu tip yanaşanları da oxumuş olarsınız. İndi isə bu məsələyə bir neçə tərəfdən yanaşaraq hər hansı yekun qiymət vermədən obyektiv analiz etmək istərdim. Birincisi, heç şübhəsiz ki, biz insanlar öz həyatımızı və öz həyatımızdan yola çıxaraq ümumilikdə insan həyatını xüsusi qiymətləndirir, mənalandırırıq. Amma burada düşünülməsi lazım olan bəzi ritorik suallar var. Həqiqətən də insan həyatı özlüyündə önəmlidirmi? Yoxsa, bizim insan həyatı üçün biçdiyimiz xüsusi anlamlandırmalar tamamən poetik təfəkkürümüzün mübaliğəsidirmi? Biz bilirik ki, ölüm qaçınılmazdır, insan həyatı qısa müddətlidir. Eləysə, qısıtlı olan, ötəri olan bir həyat üzərinə bu qədər yüksək və mürəkkəb mənalar yükləmək nə dərəcədə doğrudur ? İnsan öz həyatının anlamsızlığını bilərək dinləri yaratdı, o biri dünya – əbədi davam edən dünya inancına sarıldı və bunu insanlığın sarsılmaz inancı halına gətirdi. Lakin, bu gün biz bunları dərk edərək heç bir mifik, metafizik anlam yükləmədən çılpaq obyektiv yanaşma ilə insan həyatını necə qiymətləndirməliyik, bu aspektdən insan həyatı necə görünür?

Bu sualların konkret cavabı yoxdur, hətta konkret cavabı verməyə çalışsaq da mütləq riyazi bir qayda kimi hər kəs tərəfindən bir mənalı qarşılanmayacaq. Ona görədə qeyd etdiyim kimi sadəcə ritorik xarakterli bu suallar üzərində insan özü düşünməlidir və həqiqi olanı dərk etməyə çalışmalıdır.

İndi isə gələk ikinci məsələyə. İnsanlar birlikdə yaşayaraq xalq/millət adlı məhfumu formalaşdırmışlar. Əgər bir toplum özünü xalq olaraq görürsə, bu statusu ortaya atırsa, mütləqdir ki, bunun bədəlini də ödəsin . Əgər sən bir xalqsansa, qəbul etməli olursan ki, xalq adlı məhfumun öz amalları, öz baxışı, öz mənafeləri var və olacaqdır. Və bu gerçəkdir ki, bəzən bu amallar, mənafelər, baxışlar fərdinkilərlə toqquşaraq ziddiyətə girir və birincinin xeyrinə qərar verilir. Necə ki, ictimai müqavilə tezisinə görə fərdlər vətəndaş olmaq, bərabər azadlıqlar və imtiyazlar əldə etmək, ümumi təhlükəsizlik üçün öz şəxsi hüquqlarının bir qismindən vaz keçərək dövlətə verirlər.

Nəticədə də bəzən ümumvətəndaş mənafeyi, yaxud hüquqları üçün fərdin istək və arzuları, hüquqları qısıtlanmış olur. Fərd burada bir növ fərdi bədəlini ödəyir ümumvətəndaşlıq statusu xeyrinə. Eyni qaydada da ümumi müharibələrdə olduğu kimi Qarabağ müharibəsi zamanı da fərdlər aid olduqları xalqın bir qrupunun öz ərazilərindən qovulmasını, işgəncələr görməsini ortaq bir faciə kimi yaşayaraq öz bədənində hiss edir, ortaq bir taleni paylaşdığını qəbul edərək birlikdə vuruşaraq özlərinin (onların) qəsb edilmiş haqlarını bərpa etməyə çalışırlar. Bu zaman bir çox fərdlər həyatlarını itirir, həmin fərdlərin ailələri də fərdi şəkildə izaholunmaz iztirablara düçar olurlar. Bu dilemmada çıxış yolu necə qoyulmalıdr ?

Necə ki, biz öz hüquqlarımızın bir qismindən ümumi təhlükəsizlik, azadlıq naminə vaz keçərək dövlətin ümumiradəsinə vermişiksə, eyni qaydada da hərbi məsələlər də sırf dövlətin ixtiyarına verilərək fərdi deyil, peşəkar ordu formatında həll olunmalıdır. Bu zaman bütün işlərdə olduğu kimi fərdin hansısa peşə müstəvisində depersonifikasiya halı baş verir. Yəni, bir hərbiçi hərb meydanında bir ata, bir ana, bir həyat yoldaşı, övlad deyil, o, hərbiçidir, çünki onun özünün seçdiyi, öz iradəsiylə qəbul etdiyi peşə kimliyidir bu.

Necə ki, bir nazir, bir deputat, bir prezident olduğu vəzifə postundakı addımları və yanaşmaları onun məişət kimliyi olan fərdi kimliyindən tamamən ayrılmaldır. Məsələn ideal örnəkdə belə olmalıdır: Bir şəxs hakimdir, yaxud polis onun övladı isə cinayət etmiş şəxs. Bu zaman, o, iş fəaliyyəti etibarı ilə peşə kimliyindən çıxış edərək, depersonifikasiya olaraq övladını hüquqi məsuliyyətə cəlb etməlidir. Əgər o, öz övladını öz peşə kimliyini rədd edərək hüquqdan yayınmasına kömək etməyə çalışarsa, yaxud adekvat addım atmazsa, bu zaman, o, öz peşəsinə xəyanət etmiş olur, nəticədə peşənin tələb etdiyi depersonifikasiya prosesi baş tutmur. Belə olduqda da ümummənafe üçün ümumi iradə tərəfindən tərtib edilən sistem işləmir, etibarsızlaşır, ədalətsizlik yaranır və bu da digər xaotik və zorakı halların yaranmasına səbəb olur. Eynən hərbiçi də hərb meydanında öz işini görməlidir. Onun məişət həyatındakı yaxınları isə onun hər bir peşə sahibinin sahib olduğu kimi ikili kimliyə sahib olmasını qəbul etməlidirlər. Bu zaman da onun yaxınları onun ölümünə üzüləcəklər, amma öz şəxsi azad iradəsi altında qəbul edilmiş kimlik ayrılması rasional bir hal odluğundan irrasional hisslərin önünə keçə, yaxud balanslaşdırıla bilər, bu da soyuq düşünməyə kömək edə bilər.

Son olaraq onu qeyd edim ki, bu cür mürəkkəb sosial proseslərə münasibətlər dayaz, analiz edilməmiş və subyektiv hisslərlə, poetik təfəkkürün altında ələ alınmamalıdır. Bu, problemi həll etmək gücünə malik deyil, əksinə prosesi daha da dolaşıqlıqlaşdıraraq həqiqi, adekvat qiymət verilməni əngəlləmiş olur.

Fələstin-İsrael məsələsinə 3 fərqli spektrdən baxış

Giriş

Birincisi, müəyyən etmək lazımdır ki, bu məsələyə hansı prizmadan baxılacaq. Adətən bu məsələyə üç prizmadan baxmaq olar: 1)insani 2)müsəlman kimi 3)azərbaycanlı kimi. Bu bizə ona görə önəmlidir ki, hər üç baxış müxtəlif aspektləri dəyərləndirmələri gətirəcək. Siz deyə bilərsiniz ki, mən obyektiv insanam və obyektiv baxmağın tərəfdarıyam, mən isə sizi əmin edirəm ki, bu tip hadisələrin sizin nəzərdə tutduğunuz anlamda obyektiv dəyərləndirilməsi mümkün  deyil. Çünki insan öz baxışlarını, görüş və qiymətləndirmələrini hansısa etalon və yaxud istinad əsasında edir. Bu onun dəyərləndirmə, qavrama, dərketmə strukturudur. Yəni, bu bizim bioloji həqiqətimizdir, hansı ki, bütün sosioloji həqiqətlərin fövqündədir, çünki hər şey biolojidən doğulur. O zaman başlayaq birinci kateqoriyadan – insani açıdan hadisələri qiymətləndirməyə. Amma öncə insani sözünü bir termin kimi burada hansı anlamda istifadə edəcəyik onu müəyyənləşdirək.

Bu söz burada yabani insan instinklərinin fövqündə duran, rasionallıq, empati və əxlaq kimi məhfumları özündə birləşdirən və əsas meyar edən humanizm prinsipləri nöqteyi-nəzərindən ələ alınmışdır. Bu o deməkdir ki, yəni bir insanın bir insana canavar olması yox da bir insanın bir insana ehtiyacının olması, əməkdaşlığı, sevgisi, emosional bağlılığı nəzərdə tutulmuşdur.

İnsani açıdan dəyərləndirmə:

İnsani açıdan baxdığımız zaman bütün savaşlar insanın primitiv, instinktiv tərəfinin yansımasıdır. Hansı ki, bioloji qohumlarımız olan heyvanlardan gördüyümüz kimi onlar bir ərazi, qida, yaxud da çoxalması üçün qarşı cinsi əldə etməyə görə bir-biri ilə vuruşmaqdadırlar. İnsan da öz təməl, pirimitiv müstəvisində belədir. O, öz instinktlərinin diqtəsinin arxasınca getməkdədir. İnsan həm sürü, həm də fərdi şəkildə yaşayan canlıdır. Sürü – bilirsiz ki, insan icması ilk dövrlərindən müxtəlif qruplar formasında yaşamışlar. Yəni, yalqız, tək yaşamamışlar. Amma bununla yanaşı hər bir fərd də bir canlı olduğu üçün onun da sürüdən ikinci dərəcəli alt-maraqları vardır. Məsələn, bir insanın yeməyini əlindən digər insan ala bilməzdi, ya bölünməli hər kəsə, ya da o aclığa məcbur edilə bilməz, bunun üçün, sağ qalmaq üçün savaşacaq. Lakin, insaniləşmiş(humanizm) insan hansı ki, yuxarıda qeyd etdiyimiz kateqoriyadan baxıldığı zaman bir-biri ilə nə ərazi, nə qida, nə də digər nəsnələr uğrunda savaşmaz. Çünki insan insanın düşməni deyil və əgər düşməni olarsa, bu zaman ortada heçnə qalmaz. Amma insan insan üçün sadəcə əməkdaşlıq üçün var. Çünki yalnız əməkdaşlıqlar və birgə iş tərəqqi yarada bilər. Bu insanı mövqedən bu məsələyə baxarkən isə belə qiymətləndirmə olur ki, orada baş verənlər insanlıq adına böyük bir ləkədir. Bu bir daha insan cəmiyyətinin şüuri baxımdan yetkin olmamasının bariz göstəricisidir. Çözüm isə budur ki, ölən və öldürən – hər iki qrup insanlıq yoluna gəlməlidir. Unutmamalıdırlar ki, həm yəhudilər, həm fələstinlilər ümumi ən böyük biloloji həqiqətə ortaqdırlar – insanlığa. Bu ən təbii və ən həqiqi identifikasiyadır. Məhz digər süni identifikasiya örnəklərini rədd edərək bunu əldə tutaraq birgəyaşayış və sülh üçün əməkdaşlıq üçün plan hazırlaya bilərlər. Baş verənlər çünki heç bir rasional əxlaqi keyfiyyətləri özündə ehtiva etmir insanlıq isə öz inkişaf pilləsində addımlamaq əvəzinə yerində sayır və ağır yaralar alır. Çünki orada ölən yəhudi də, fələstinli də bir insandır. İnsan qruplarının insan qruplarına zorakılığı isə bəşəri problem, bəşəri faciədir.

İndi isə ikinci baxışdan baxaraq dəyərləndirmə edək:

 Azərbaycanlıların böyük qismi İslam şərtlərinə əməl etməsələr də özlərini müsəlman kimi identifikasiya edir və özlərini müsəlman sivilzasiyasının bir parçası kimi görürlər. Bu isə o deməkdir ki, dünyaya müsəlmanlılıq eynəyindən baxırlar, müsəlman kimi dərk edirlər. O zaman biz müəyyən edək müsəlman üçün yəhudi kimdir ?

Müsəlman üçün yəhudi lənətlənmiş, öz peyğəmbərlərini qətl etmiş, amansız və mundar toplumdur. Məhz bir müsəlman yəhudiləri şeytanın yer üzündəki cisimləşmiş halı kimi görür. Onlar öz bədbəxtliklərini, problemlərini və dinlərinə təhdidi yəhudidən gözləyirlər. Hətta müasir dövrdə müəyyən irəliləmədən sonra onlar da öz düşüncələrində yəhudilərlə bağlı məsələni inkişaf etdirərərk yəhudiləri bütün dünyanı ələ keçirərək idarəetməkdə olan şeytan kimi görürlər. Bu gün dünyada nə pislik varsa hamısının tək səbəbkarı yəhudilərdir. Dünyada baş verən qıtlıqlar və aclıqlardan tutmuş, hətta Afrika qəbilələri arasındakı savaşlara qədər. Həmçinin yuxarıda da qeyd etdiyimiz identifikasiya və sivilzasiya məsələsi. Bu 3 səmavi din eyni kökdən yaransa da hər biri ayrı cür inkişaf edərək fərqli sivilzasiya olmuşlar. Müsəlmanlar özlərini bir sivilzasiya örnəyi kimi ələ alaraq digər qrupları özlərindən ayırır və ortada identifikasiya toqquşması yaranır. Bu eynən millətlərarası, tayfalararası və daha primitivə getsək, uşaqlar üçün məhlələrarası konfiliktləri xatırladır.Müsəlman özünün ən doğru olduğunu, öz həqiqətlərinin ən həqiqi və mütləq olduğunu qəbul edir və bunun bu düşüncəsi digərləri ilə toqquşaraq ortaya konfiliktləri çıxarır. Bu məsələdə də müsəlman sadəcə hadisəyə öz şablonlarından və maraqlarından baxaraq, dəyərləndirərək deyir: İsrael düşməndir, o məhv edilməlidir, o torpaqlar da bizimdir. Yerusəlimi(Qüds) müsəlman torpağı kimi qəbul edərək bunun Fələstinə verilməli olduğun deyir. Amma həm də unudur ki, 3 səmavi dinin başlanğıcı iudaizm(yəhudilik)dini məhz Yerusəlimdə olmuş, hətta digər Orta Şərq dini olan Xristianlıq üçün dini obraz olaraq qəbul edilən İsa Məsih də yəhudi olmuş, o da Yerusəlim torpaqlarından çıxmışdır. Bu da müsəlmanın öz həqiqətləri ilə ziddiyyətinin olmasını göstərir. Amma bütün bunlara baxmayaraq müsəlman açısından haqq hər zaman müsəlmandadır, hətta nə etməsindən asılı olmayaraq, çünki bu identifikasiya məsələsidir. Onların bəziləri bunu inkar etsə də sosioloji elmlər bunu inkar etmir hansı ki, identifikasiya məsələsi toplumun davranış və münasibətlərinin əsas istiqamətləndirici trayektoriyasıdır. Halbuki, müsəlmanlar görürlər ki, hansısa ərəb ölkələrində və İranda yəhudilərin yaşaması mükünsüz ikən İsrael parlamentində ərəb partiyalar, islamçı partiyalar mövcud, ölkədə islamçı təşkilatlar da var və onlar seçkilərdə səslər qazanaraq Knessetdə yerlər əldə edirlər. Və onların əsas siyasi məsələlərdə təsir etmək imkanları var, hətta nəzərə alandakı İsraeldə artıq neçə ildir stabil hökumət qurula bilmir və səslər parçalanıb, belə halda həmin ərəb siyasilərin koalisiyasının təsir etmə nüfuzu daha da artıb və İsraelin ən önəmli strateji məsələlərinə belə əks çıxa bilirlər, örnəyin Fələstin məsələlərində ciddi etirazlar edirlər. Lakin müsəlman ölkələrinin heç birində eyni proses yoxdur. Məsələn, ərəbləri kənara qoysaq, konkret örnək misalında Türkiyəni götürsək biz görəcəyik ki, anti-semitizm ciddi formada boy atmışdır. Bəli, müsəlman identifikasiyasına görə bu tarixən də olmuş, lakin, Ərbakan və sonrasında AKP kimi islamçı-fanatik hökumət dönəmində bu daha da körüklənmiş, o hala gəlmiş ki, AKP dəstəkçi dindar-fanatik kütlə yəhudiləri soyqırım belə etməyə hər an hazırdırlar. Bu isə tarixin qara ləkəsi olan HOLOKOST’un arxasında dayanan şərtləri, sosioloji durumu xatırladır. Qısaca, məsələ budur ki, həmin torpaqda tarixi açıdan min illərdir yəhudilər yaşamaqdadır və onlar müxtəlif zamanlarda o ərazilərdən qovulmuş, təqiblərə məruz qalaraq müxtəlif ölkələrə köç etməyə məcbur qalmışlar sonrasında isə 1948’də qovulduqları torpaqlara qayıda bilmişlər. Ona görə də müsəlmanların sizlər 1900’lərdə qayıtmısınız sözü tarixi təhrifdir, bu təhriflərin də tək səbəbi qeyd etdiyimiz müsəlman kimi özlərini identikləşdirməkdən doğur.

İndi isə sonuncu baxış bucağı olan azərbaycanlı prizmasından məsələyə yanaşaq:

Bu çox qarmaşıq bir məsələdir, çünki azərbaycanlı özünü həm azərbaycanlı, həm də müsəlman kimi identifikasiya edir. Bu isə iki zidd durumu yaradır. Ona görə də öncə biz müəyyən etməliyik ki, kimik və yaxud bizə nə lazımdır, nə istəyirik? Azərbaycanlı özünü azərbaycanlı kimi dərk edirsə o anlamalıdır siyasi reallığı.  Ən birincisi, azərbaycanlı anlamalıdır ki, o, dünyada haqqı bərqərar edəcək qüvvə deyil, o potensiala, gücə sahib deyil. O, sadəcə var olan düzənin qaydalarına uyğun olaraq öz maraqlarını müdafiə etməli, təmin etməlidir. O, anlamalıdır ki, Qarabağ məsələsində hansı ki, bu onun haqq işi idi, lakin 28 il idi ki, tək-tük dövlətləri çıxmaqla bütün dünya birliyi buna susmaqda, hətta Azərbaycanı hərbi addımlar atmaqdan çəkindirməkdə idilər. Xocalı kimi hadisəyə susaraq hansı ki, bu 1992’də ən yaxın tarixdə baş vermişdi, lakin 1915 hadisələrini gündəmə gətirirdilər. Azərbaycanlı dərk etməlidir ki onun haqq işinə dəstək verən tək-tük ölkə vardır və bunlardan biri də İsrael idi. İsrael sadəcə silah satmaqla dəstək verməmişdi, amma halbuki, bu özü belə yetərlidir, çünki onun Puaları məhz itkilərimizin qat-qat çox olmasının qarşısını almışdır, hansı ki, indi evində oturub da İsraeli lənətləyənlərin oğlu, qardaşı, qohumu dostu və s İsraelin o silahları sayəsində sağ qalmaq şansını əldə etmişdir. İsrael həmçinin bu günlərdə də ABŞ tərəfindən adı çəkilən 907’ci düzəlişin ləğvi ilə bağlı lobbi fəaliyyətlərində bulunmuşdur. 907’ci düzəliş Azərbaycana maliyyə yardımı və silah satışını sanksiya altına alırdı. İsrael təkcə Qarabağ üçün gərəkli müttəfiq deyil, bu həm də 1918’dən bəri Azərbaycanın təməli atılandan ona imperialist bir baxışla baxan İranın da cilovlanması, məhdudlaşdırılması üçün də önəmldir. Hansı ki, İran nə Birinci, nə İkinci Qarabağ savaşında Azərbaycanı həqiqi şəkildə dəsəkləmədi. Hətta bizim haqq işimizə kölgə salmaq, qələbələrlə irəliləməmizi əngəlləmək üçün müharibə ərəfəsində Azərbaycanı terrorçularla iş birliyində suçladı, böhtanladı. Halbuki, açıq aydın səs yazıları və görüntülərlə sübut olunmuşdu ki, Ermənistan terror təşkilatı olan PKK’dan istifadə etmişdir. İran bu gün də həm dünya, həm də Azərbaycan üçün ən əsas təhdid olaraq qalmaqdadır, nəinki təkcə hərbi, həm də kütlənin cahilliyini istismar edərək fars şovinizmini-imperializmini maskirovka etdiyi şiəliklə manipulyasiya edərək özünə sosial baza qurmaqdadır və biz bunu çox açıq şəkildə görməkdəyik. İranla bağlı çox şeylər yazmaq olar bunu özünüz də araşdıra bilərsiniz. Qısaca, bütün bu təhdidlərə qarşı müttəfiq İsraeldir. Lakin Azərbaycanlı heç bir reallığı dərk etməyən və buna görə də dəyələrndirmə apara bilməyən toplumdur. Azərbaycanlının fundamental dəyərləri yoxdur, o hətta öz maraqlarını belə nəinki qorumaq, hətta maraqlarının nə olduğunu belə dərk etməyən, anlamayan yarımçıq, xaotik toplum ola bilməyən çoxluqdur. Bu gün azərbaycanlı öz istiqamətini müəyyən edə bilməyən, etməyən gəmiçiyə bənzəyir onun üçün isə səmt küləklərinin hansı istiqamətə əsməsinin fərqi yoxdur, hara əsirsə orada yön alacaq. Azərbaycanlı özünü msəlman kimi indentifikasiya edəndə anlamalıdır ki, bütün millətlər elə məhz ərəblər, fələstinlilər də öz dini kimlikləri onların milli maraqlarından sonra gəlir və dini də milli maraqları üçün istifadə edirlər. Bunu biz ərəblərarası münasibətlərin gərginlik dönəmlərində açıqca görə bilərik. Qısaca, əgər sən var olmaq, öz varlığını qorumaq istəyirsənsə, öncə birinci kimliyini müəyəyn edib qorumalısan, hansı ki, bunun adına dövlət, ordu, bayraq, torpaq və sərhədlərin var və sonra isə digər kimliklərini məhz birinci kimliyə görə uyğunlaşdırmalısan necə ki, bütün millətlər belə edib istər Avropa xalqları, istər Orta Şərq, istərsə də Qafqaz. Birinci kimlik isə bəllidir AZƏRBAYCANLI.

Azərbaycanlı və müsəlman sosial kimlikdir. Məqalənin sonunda qeyd edilən birinci, ikinci sıralamaları da sosial kimliklər müstəvisini ehtiva edir. Məqalənin ilk girişində olan insani kimlik isə sosial yox, bioloji kimlikdir və bu burada müqayisə predmeti deyil, əlavə olaraq yuxarıda qeyd edilmiş, izahlar verilmişdir.

HDP-nin qapadılması məsələsi gələcək üçün ciddi sorunlara yol açacaq

Bu gün HDP-nin qapadılması gələcək üçün, hətta yaxın gələcək üçün çox ciddi sorunlara yol açacaq.

Çünki avtoritar və nüfuzunu itirmiş hökumətlərin hətta haqlı olaraq siyasi müstəvidə atdığı sərt addımlar qorxunc şəkildə qarşı tərəfi haqsızkən qeyri legitimkən legitimləşdirə bilir.

Həmçinin nəzərə almaq lazımdır ki, bu hadisə həm də sağçı-millətçi tərəf olan MHP-nin də koalisiyada olduğu zaman baş verir və beləcə bu addım iki qat daha kəskinliklə əks effekt yaradacaq.

Bunun yerinə siyasi açılımların daha da genişləndirilməsi, həmçinin digər proqressiv sosial reformasiyaların aparılması HDP sorununu onları marginallaşdıraraq alternativ yol kimi diplomatik formada çözə bilər.

Həmçinin nəzərə almaq lazımdır ki, HDP-nin yaranması spontan olaraq ortaya çıxan gözlənilməz bir hadisə deyil, əksinə olaraq onun(həmçinin PKK-nın da) yaranmasını şərtləndirən hadisələr zənciri uzun illər kəsiyində kürtlərlə bağlı sorunlarda, ideoloji qütbləşmənin dərinləşdirilməsində, sağçıların-ülkücülərin aşırı dərəcədə və sistematik olaraq aqressiv və alçaldıcı davranışlarından doğmuşdur.

Bu baxımdan da bütün bunlar da bir daha ələ alınmalıdır və bugünün Türkiyəsi üçün həm siyasi ritorikada və praktikada maksimum dərəcədə konservativ patriotizm, etatizm, qütbsəl ideologiyalaşma məhdudlaşdırılmalı, deideologizasiya və proqressiv mərkəzləşmə prosesi yürüdülməlidir.

Və həmçinin bu gün Türkiyədə AKP-nin FETÖ kimi şablon damğalama örnəyinə alternativ kimi faşizmlə suçlamalar ciddi şəkildə ayaq açmışdır və bu tarixən də belə olmuşdur, bu isə çox ciddi və bir o qədər də çox qeyri ciddi haldır.

Çünki faşizm və faşistlik hər an atılacaq daş olmamalıdır, qarşı fikirləri basdırmaq üçün istifadə edilən senzuralaşdırmada rol almamalıdır.Tərəflərin konstruktivlikdən və adekvatlıqdan yoxsul olduğu bu durumda bu cür sərt addımın atılması vəziyyəti daha da ağırlaşdıracaq.

Atatürk və Bütləşdirmə

Əziz oxucular, bu yazı dəyərli, möhtəşəm şəxsiyyət və müsəlman Şərqini öz dünyagörüşü, vizyonu və çabaları ilə aydınladan, həmçinin hər zaman mənim üçün istiqamət verici, yol göstərici mayak olan Atatürkə ərmağan edilmişdir. Sayğı, sevgi və heyranlıqla anıram.

Birinci olaraq bütləşdirmənin fəsadlarından danışmaq istərdim. Bildiyiniz kimi, bütləşdirmə bir növ həmən şeyin doqmalaşdırılmasıdır. Və bu doqmalaşdırma, bütləşdirmə insan üçün həmən şeyin ən doğrusu olması, onun mükəmməl formada beyində illustrasiya edilərək müqəddəsləşdirmə metdodudur. Siz bu metodik fəsadları dini müstəvidə rahatca görə bilərsiniz. Hansı ki, bildiyiniz kimi, bütün dinlərdə o dinin kitabı, elçisi və təqdim etdiyi allahı müqəddəsdir. Bu müqəddəsləşdirmələr həmin kitabda olanların heç bir formada sorğulanmadan həyata keçirilməsini təmin edir. Hətta sorğulamaq şeytan əməli sayılır. Çünki sorğulama bir növ anti-virusdur, hansı ki, o olan yerdə heç bir doqma, ehkam sağ qala bilməz. Sorğulama və şübhələnmə ehkamların, bütlərin üzərinə enərək sındıran qılıncdır.

Məhz əsrlər boyunca bu bütləşdirmələrin din üzərindən hansı insanlıq cinayətlərinə yol açdığına, bəşəri faciələr yaratdığından məlumatlı olmusunuz. Məsələn, hinduizm din xadimləri olan brahmanlar aşağı təbəqəni aclıq, yoxsulluq içində olmasına baxmayaraq, hakim elita önündə sakit və sükut içində saxlamaq üçün dini vədlərdən, asketizmdən geninə-boluna istifadə etmişlər. Və dini öz beynində doqmalaşdıran, inanan dindar, yoxsul, aşağı təbəqə də bu manipulyasiyaları ruhu da incimədən qəbul etmiş, üsyan edərək öz cəhənnəminin alovları ilə yuxarıların cənnətini yandırmamışdı.

Eynən Tövratın vərəqlərində gizlənən irqçilik, sadizm də yəhudilərin öz qonşularına qarşı amansız işgəncələrə qətillərə yol açmışdır. Tövratın Joshua hissəsində qeyd edilir: “Peyğəmbər Yeşua öz ordusu ilə Yerixoya girərək hər bir kəsin və canlı olan hər bir şeyin məhv edilməsini əmr edir.” Bu, birbaşa genosid, sadizm, irqçilikdir. O dövrdə işğallar olsa da belə bu formada sadistik yanaşma, hətta heyvanların belə öldürülməsi (çünki başqasının olduğu üçün çirklənmiş, lənətlənmiş sayılırdı) heç bir normal təfəkkürün məhsulu ola bilməzdi. Lakin, məsələn, yəhudi dindarları qeyd-şərtsiz şəkildə bunu sorğulamadan qəbul etmişlər və “əmr olunanı” həyata keçirmişlər.

Xristianlar Orta Əsrin bütün qaranlığı boyunca belə qadınları, fərqli düşünənləri edam etməkdən, inkivizasiya məhkəmələrində günahkar bilib də tonqalda yandırmaqla məşğul olmuşlar. Özlərindən hər hansı bir düşüncədə, yaxud fiziki qüsurda fərqlənən şəxsi cadugər kimi qələmə vermişlər. Elmi araşdırmaların önündə keçilməz dağ yaradaraq Qalileo Qaliley kimi şəxslərin belə son anda kilsə və ona inanan avam kütlə sayəsində diz çökdürərək, aşkar etdiyi həqiqətin əksinə danışmağa məcbur edərək alçaltmışlar. Bu ona görə mümkün olmuşdur ki, toplum sorğulamamış və din, inanc, doqmalar insanların gözünü kor etmişdir. Digər bir nümunə isə bu günün özündə belə dünyayanın cəhalət yuvası olan İslam, müsəlman Şərqidir.

Bu gün terrorizm deyildiyi zaman ilk ağıla gələn müsəlman Şərqidir. Siz əks arqument gətirərək deyə bilərsiniz ki, bunu hansısa qüvvələr edir və s, amma məsələ bu deyil, məsələ odur ki, irqçilik, sadizm Tövratın özündən qaynaqlandığı kimi terrorizm də Quranın özündən, içindən qaynaqlanır. İslam da digələri kimi gücün, işğalın legitimləşdirilməsi üçün istifadə edilmiş və bu formada Quran tərtib edilmişdir. Şəhidlik institutu, cənnət vədləri də məhz kamikadze terrorçuların, döyüşçülərin mükafatı olaraq onlara güc vermişdir. Sosial quruluşun dəyişməməsi insanların inkişafını saxlamışdır. Cinslərarası münasibət adekvat tənzimlənməmiş, patriarxat quruluşu daha da qidalandırmışdır. Bütün bunların sorğulanmaması səbəbi yenə də bütləşdirmə olmuşdur.(Əlbəttə, biz dinlərin problemindən çox yaza bilərik və bu özü ayrıca səhifələrlə mövzudur).

Bütləşdirmə, yaxud doqmalaşdırma təkcə dinlərə xas deyil, həmçinin müasir dövrün yeni dinləri olan ideologiyalara da bunu aid etmək olar. Məsələn, sosializm/kommunizm ən yayğın və ən çox doqmalardan, illuziyalardan, vədlərdən ibarət olan yeni bir dindir. Məhz bu dinə inanan, onu bütləşdirənlər SSRİ, Çin, Kuba, Şimali Koreya kimi ölkələr qurmuşlar.(xatırla: Çin Mao dövrü. Müasir Çin sistemi iqtisadi olaraq kapitalizmlə sintezləşdirilərək bir növ dövlət kapitalizmi yaradılmışdır.) Məhz bir SSRİ bəs edir ki, doqmatizmin, bütləşdirmənin necə dəhşətli fəlakətlərə yol açdığını müəyyən edək. İnsanların fərqli düşünməsinə görə repressiyalar, Sibir sürgünləri QULAQ-lar, KQB-nin şəxsi həyata qədər müdaxilə edərək izləməsi, hətta düşüncə polisi kimi abstraksiyalar yaratmaq istəyi mövcud olmuşdur. Şəxslərin kultlaşdırılması(Lenin, Stalin), onlardan ata kultu yaradılması və milyonlarla insanın, həqiqətən, bunu belə qəbul etməsi, Stalin öldüyündə insanların sanki atasını itirərək yetim qalması gözlər önündə olan hadisələrdəndir(Hətta onlara baba-ata deyərək anılması).

Bütün repressiyalara, aclıq, yoxsulluq illərinə baxmayaraq insanlar, həqiqətən, hələ də inanc, ümid içində idilər. Çünki bütün reallıqları Sovetlərdən ibarət idi, tam təcrid edilmişdilər, reallıq hisləri itərək bütləşdirmə manipulyasiyalarına məruz qalmışdılar. İzolyasiyadan qurtulduqlarında isə bütün bütlər sındı və əsrin sonuncu on illiyində xalqlar Stockholm sindromundan qurtularaq vakumu tərk etdilər. Təbii ki, uzun illərin psixoloji travmalarının, təzyiqlərinin davranışa hopmuş təsirləri bu gün də davam etməkdədir. Həmçinin Nasizmin də məqsədyönlü şəkildə milyonlarla günahsız yəhudinin və işğalçı müharibələr zamanı milyonlarla günahsız insanın həyatına son qoyması bütləşdirmə, doqmalaşdırmadan qaynaqlanan kütləvi psixoz sayəsində mümkün olmuşdur. Və bununla yanaşı bu gün liberal dəyərləri mənimsəyən Almaniya konservativ avtoritar idarəetməyə və Orta Əsrlər təfəkkürünə malik olan Rusiyadan fərqli olaraq öz günahlarını etiraf edərək hələ də cəzasını çəkməkdədir.

İndi isə gələk Atatürkün bütləşdirilməsi məsələsinə. Bildiyiniz kimi, çox insanlar qeyd edirlər ki, Atatürkün bütləşdirilməsi dorğu deyil və yuxarıda sadaladığımız yazıları, səbəbləri aşağı-yuxarı ortaya qoyurlar. Amma bu müqayisələndirmə, yaxud tənqid, sadəcə anolojilər, şablonlar üzərindən edildiyi üçün, hadisənin dərininə doğru analiz edilmədiyi üçün yanlış formada dəyərləndirilir.

Gəlin, indi bu məsələni həm üfüqi, həm şaquli formada analiz edək. Birincisi, ümumi qəbul edək ki, Atatürk, həqiqətən də bütləşdirilir. Onun heykəlləri, haqqında yazılanlar, deyilənlər onun hədsiz övülməsi və mütəmadiyyən örnək göstərilməsi və anılması, hətta heykəlləri önündə baş əyilməsi, yaxud ölümündən on illlər sonra doğulan gənclərin belə onunla xüsusi emosional bağ qurmaları, əlbəttə, tam bir bütləşdirmənin, yaxud doqmalaşdırmanın örnəkləridir. İndi isə gəlin mövzunu üfüqi şəkildə genişləndirək. İnsan haqları bəyannaməsi, konvensiyaları, sülh ideyaları, müharibənin lənətlənməsi və s bu qəbildən olan bir çox şeylər də bütləşdirilib, doqmalaşdırılıb. Məsələn, insanın insana işgəncə, zorakılıq etməməsi məsələsi heç bir halda müzakirə, yaxud mübahisə mövzusu ola bilməz. Hətta bunu mübahisələndirməyə çalışan şəxs anındaca bütün insanlar tərəfindən təzyiqə, linçlənməyə, diskriminasiyaya uğraya bilər. Çünki hər kəs bu yanaşmanın doğru olduğuna nəinki inanır, bunu ən təbii reallıq kimi qəbul edərək insanlığın bundan kənarda mövcud olmayacağını bilirlər.

Eləysə, sual edə bilərsiniz ki, bu məsələnin Atatürkün bütləşdirilməsi ilə nə əlaqəsi var? O zaman, gələk əsas məsələyə. Biz qeyd etdik ki, Atatürk bütləşdirilir, lakin burada gözardı edilən məsələ Atatürkün kimliyi və onun hansı perspektivdən bütləşdirilməsi məsələsidir. Birincisi, Atatürk yaşamır və onun şəxsi ilə bağlı olan hansısa insan da yaşamır(izah ediləcək). İkincisi, Atatürkün kimliyidir. Atatürk Osmanlı sultanlarının cahələt bataqlığında boğduğu xalqı xilas etdi. Onları Orta Şərqin çirkab dolu qaranlığından çıxararaq dünyəviliyin, bəşəriliyin və müasirliyin günəşi altında nurlandırdı. Atatürk bir müəllimin bir uşağın əlindən tutaraq ona yazmağı öyrətməsi tək türk xalqının əlindən tutaraq ona yazıb-pozmağı, düşünməyi, şəxsiyyət olmağı, rəiyyət yox, vətəndaş olmağı, insanlığa layiq insan olmağı öyrətdi. O, yetişmiş hazır bir xalqdan Respublika kimi dövrünün də bu günün də modern quruluşu olan, həm də cahil kütlənin anlaması üçün mürəkkəb və abstraktiv olan sistemi qurmadı. Atatürk başıpozuq və mövcudluğu illuziya olan toplumdan möhtəşəm, qəhrəman bir millət yaratdı.

Atatürk bataqlıqda boğulan toplumdan müasir dövrün tələblərinə uyğun millət yetişdirdi. İnsanlara heç vaxt dadmadıqları fərdi azadlıqlarını verdi, fərd olaraq şəxsiyyət olmanın qürurunu yaşamağı bəxş etdi. Osmanlı insanının heç vaxt anlamayacağı və dərk etməyəcəyi insan haqları kimi, sekulyarizm kimi, humanizm kimi ən ümdə bəşəri dəyərləri bəxş etdi, aşıladı, dərk etdirdi. Atatürk çap maşınını lənətləyən toplum, şah əvəzinə oxumağı, öyrənməyi, kitabların müqəddəsliyini aşıladı. Məğlub olmuş, nihilizmdə boğulan xalqın əlindən tutaraq ona istiqlal savaşını qazandırdı. Nəticədə, bütün dünyəvi, güclü millətlər, ölkələr türk xalqının varlığının reallığını qəbul etdilər, bununla barışdılar və bu milləti yaradan, öndərlik edən və onları məğlub edən Atatürkün adını sayğı və heyrətlər içində andılar. Məhz budur, bu kimlikdir, bu dəyərlərdir bu gün Atatürk adı altında bütləşdirilən.

Bu gün, bir gənc Atatürkün heykəli önündə baş əyirsə, o məhz bu ilkələrin, proqressivliyin, şəxsiyyət və insan azadlığının, dünyəviliyin qarşısında baş əyir. Bu gün Atatürkün heykəllərinin dörd bir yana qoyulması, şəkillərinin hər evdə, hər yerdə yapışdırılması məhz həmin azadlıq, humanizm, proqressivizm dəyərlərinin, ilkələrinin heykəlinin qoyulmasıdır. Bu gün, Atatürkün adının tez-tez anılması, onun adıyla irticaya vurulan zərbədir, irtica önündə çəkilən səddir. Çünki məsələ Mustafa Kamalın cansız bədəni deyil, məsələ onun Atatürk kimliyi, onun millətini cəhalətdən xilas edən aydınlanma hərəkatının öncüllərindən biri olmasıdır. Həmçinin yuxarıda sonradan izah edilməsi üçün qeyd edilən məsələ bundan ibarətdir ki, Atatürk yaşamır, yaxud onun oğlu, qızı hakimiyyətdə deyil, heç partiyası da hakimiyyətdə deyil ki, onun adı zorakı yollarla əbədiləşdirilsin, manipulyasiyalarla insanların beyni yeyilsin. Həmçinin yaşayan şəxslərin bütləşdirilməsi ağrılı, faciəvi haldır, çünki bu zaman o şəxsin yanlışlarını görmək olmur və bu da həmən şəxsə toplumu rahatca manipulyasiya və istismar etməyə yol açır. Həmçinin beləliklə cəmiyyət zombiləşir, reallıq hissini itirərək kütləvi psixoz başlayır. Amma bir şəxsin öldükdən sonra sadəcə onun ideyalarının və öncül olan kimliyinin yaşadılması tamamən ayrı bir məqamdır. Atatürk bütün teokratizmlərin, avtoritarizmlərin, totalitarizmlərin və bunun kimi insanlıq tarixinə, insanlığa, insan iradəsinə ləkə olan bütün irtica rejimlərin üstünə endirilən zərbədir.

Bəli, Atatürk kiminə görə bir diktator idi, hansı ki, resursları əldə cəmləşdirdiyi üçün. Amma Dövlət quruculuğunda və ondan başqa bu prosesi apara biləcək kimlərinsə olmaması, olsa da o nüfuzda olmamasına görə bu şəxsin milləti demokratik prosesə hazırlaması və bataqlıqdan çıxarması onu bir diktator yox, demokratik və liberal dəyərlərin öndəri edir. Retroperspektivdə danışmaq rahatdır, lakin real mənzərəyə fikir versəniz görəcəksiniz ki, nəyisə dəyişmək üçün o dövrdə bu lazım idi. Həmçinin Atatürk o zaman diktator kimi mənfi formada tənqid edilə bilərdi ki, öldükdən sonra şəxs üzərində olduğu üçün qurduğu ölkə dağılsa, yaxud öz varisini təyin etsə, ciddi təlatümlər keçirsə idi, amma Atatürk modern sistem qurdu. Sistemi qura bildi. Nəticədə bu sistem də bu günə qədər gəlib çıxa bildi. Hətta Ərdoğan kimi rəzil, avtoritar, irticaçı, manipulyativ siyasətçilər belə bu sistemi tamamən məhv edə bilmədi. Çünki Atatürk bir azadlıq, bəşərilik, dünyəvilik simovolu olaraq xalqın içində yaşadıqca İstanbul seçkiləri kimi seçkilər nə dərəcədə saxtalaşdırılsa da ləğv də edilsə, insanlar olmazın psixoloji, dini, siyasi manipulyasiyalara məruz qalsa da belə sonunda haqq, hürriyət qalib gələcəkdir.

Atatürk kimliyi türk millətinin kimliyinə hopmuş rüşeymdir. Ərdoğan kimi cəhalət sultanları nə qədər çabalasa da o rüşeym öncə toxuma və sonra da mütləq bir gün bir ağaca dönəcəkdir.  

WordPress.com-da pulsuz sayt və ya bloq yarat.

Yuxarı ↑