Giriş

Birincisi, müəyyən etmək lazımdır ki, bu məsələyə hansı prizmadan baxılacaq. Adətən bu məsələyə üç prizmadan baxmaq olar: 1)insani 2)müsəlman kimi 3)azərbaycanlı kimi. Bu bizə ona görə önəmlidir ki, hər üç baxış müxtəlif aspektləri dəyərləndirmələri gətirəcək. Siz deyə bilərsiniz ki, mən obyektiv insanam və obyektiv baxmağın tərəfdarıyam, mən isə sizi əmin edirəm ki, bu tip hadisələrin sizin nəzərdə tutduğunuz anlamda obyektiv dəyərləndirilməsi mümkün  deyil. Çünki insan öz baxışlarını, görüş və qiymətləndirmələrini hansısa etalon və yaxud istinad əsasında edir. Bu onun dəyərləndirmə, qavrama, dərketmə strukturudur. Yəni, bu bizim bioloji həqiqətimizdir, hansı ki, bütün sosioloji həqiqətlərin fövqündədir, çünki hər şey biolojidən doğulur. O zaman başlayaq birinci kateqoriyadan – insani açıdan hadisələri qiymətləndirməyə. Amma öncə insani sözünü bir termin kimi burada hansı anlamda istifadə edəcəyik onu müəyyənləşdirək.

Bu söz burada yabani insan instinklərinin fövqündə duran, rasionallıq, empati və əxlaq kimi məhfumları özündə birləşdirən və əsas meyar edən humanizm prinsipləri nöqteyi-nəzərindən ələ alınmışdır. Bu o deməkdir ki, yəni bir insanın bir insana canavar olması yox da bir insanın bir insana ehtiyacının olması, əməkdaşlığı, sevgisi, emosional bağlılığı nəzərdə tutulmuşdur.

İnsani açıdan dəyərləndirmə:

İnsani açıdan baxdığımız zaman bütün savaşlar insanın primitiv, instinktiv tərəfinin yansımasıdır. Hansı ki, bioloji qohumlarımız olan heyvanlardan gördüyümüz kimi onlar bir ərazi, qida, yaxud da çoxalması üçün qarşı cinsi əldə etməyə görə bir-biri ilə vuruşmaqdadırlar. İnsan da öz təməl, pirimitiv müstəvisində belədir. O, öz instinktlərinin diqtəsinin arxasınca getməkdədir. İnsan həm sürü, həm də fərdi şəkildə yaşayan canlıdır. Sürü – bilirsiz ki, insan icması ilk dövrlərindən müxtəlif qruplar formasında yaşamışlar. Yəni, yalqız, tək yaşamamışlar. Amma bununla yanaşı hər bir fərd də bir canlı olduğu üçün onun da sürüdən ikinci dərəcəli alt-maraqları vardır. Məsələn, bir insanın yeməyini əlindən digər insan ala bilməzdi, ya bölünməli hər kəsə, ya da o aclığa məcbur edilə bilməz, bunun üçün, sağ qalmaq üçün savaşacaq. Lakin, insaniləşmiş(humanizm) insan hansı ki, yuxarıda qeyd etdiyimiz kateqoriyadan baxıldığı zaman bir-biri ilə nə ərazi, nə qida, nə də digər nəsnələr uğrunda savaşmaz. Çünki insan insanın düşməni deyil və əgər düşməni olarsa, bu zaman ortada heçnə qalmaz. Amma insan insan üçün sadəcə əməkdaşlıq üçün var. Çünki yalnız əməkdaşlıqlar və birgə iş tərəqqi yarada bilər. Bu insanı mövqedən bu məsələyə baxarkən isə belə qiymətləndirmə olur ki, orada baş verənlər insanlıq adına böyük bir ləkədir. Bu bir daha insan cəmiyyətinin şüuri baxımdan yetkin olmamasının bariz göstəricisidir. Çözüm isə budur ki, ölən və öldürən – hər iki qrup insanlıq yoluna gəlməlidir. Unutmamalıdırlar ki, həm yəhudilər, həm fələstinlilər ümumi ən böyük biloloji həqiqətə ortaqdırlar – insanlığa. Bu ən təbii və ən həqiqi identifikasiyadır. Məhz digər süni identifikasiya örnəklərini rədd edərək bunu əldə tutaraq birgəyaşayış və sülh üçün əməkdaşlıq üçün plan hazırlaya bilərlər. Baş verənlər çünki heç bir rasional əxlaqi keyfiyyətləri özündə ehtiva etmir insanlıq isə öz inkişaf pilləsində addımlamaq əvəzinə yerində sayır və ağır yaralar alır. Çünki orada ölən yəhudi də, fələstinli də bir insandır. İnsan qruplarının insan qruplarına zorakılığı isə bəşəri problem, bəşəri faciədir.

İndi isə ikinci baxışdan baxaraq dəyərləndirmə edək:

 Azərbaycanlıların böyük qismi İslam şərtlərinə əməl etməsələr də özlərini müsəlman kimi identifikasiya edir və özlərini müsəlman sivilzasiyasının bir parçası kimi görürlər. Bu isə o deməkdir ki, dünyaya müsəlmanlılıq eynəyindən baxırlar, müsəlman kimi dərk edirlər. O zaman biz müəyyən edək müsəlman üçün yəhudi kimdir ?

Müsəlman üçün yəhudi lənətlənmiş, öz peyğəmbərlərini qətl etmiş, amansız və mundar toplumdur. Məhz bir müsəlman yəhudiləri şeytanın yer üzündəki cisimləşmiş halı kimi görür. Onlar öz bədbəxtliklərini, problemlərini və dinlərinə təhdidi yəhudidən gözləyirlər. Hətta müasir dövrdə müəyyən irəliləmədən sonra onlar da öz düşüncələrində yəhudilərlə bağlı məsələni inkişaf etdirərərk yəhudiləri bütün dünyanı ələ keçirərək idarəetməkdə olan şeytan kimi görürlər. Bu gün dünyada nə pislik varsa hamısının tək səbəbkarı yəhudilərdir. Dünyada baş verən qıtlıqlar və aclıqlardan tutmuş, hətta Afrika qəbilələri arasındakı savaşlara qədər. Həmçinin yuxarıda da qeyd etdiyimiz identifikasiya və sivilzasiya məsələsi. Bu 3 səmavi din eyni kökdən yaransa da hər biri ayrı cür inkişaf edərək fərqli sivilzasiya olmuşlar. Müsəlmanlar özlərini bir sivilzasiya örnəyi kimi ələ alaraq digər qrupları özlərindən ayırır və ortada identifikasiya toqquşması yaranır. Bu eynən millətlərarası, tayfalararası və daha primitivə getsək, uşaqlar üçün məhlələrarası konfiliktləri xatırladır.Müsəlman özünün ən doğru olduğunu, öz həqiqətlərinin ən həqiqi və mütləq olduğunu qəbul edir və bunun bu düşüncəsi digərləri ilə toqquşaraq ortaya konfiliktləri çıxarır. Bu məsələdə də müsəlman sadəcə hadisəyə öz şablonlarından və maraqlarından baxaraq, dəyərləndirərək deyir: İsrael düşməndir, o məhv edilməlidir, o torpaqlar da bizimdir. Yerusəlimi(Qüds) müsəlman torpağı kimi qəbul edərək bunun Fələstinə verilməli olduğun deyir. Amma həm də unudur ki, 3 səmavi dinin başlanğıcı iudaizm(yəhudilik)dini məhz Yerusəlimdə olmuş, hətta digər Orta Şərq dini olan Xristianlıq üçün dini obraz olaraq qəbul edilən İsa Məsih də yəhudi olmuş, o da Yerusəlim torpaqlarından çıxmışdır. Bu da müsəlmanın öz həqiqətləri ilə ziddiyyətinin olmasını göstərir. Amma bütün bunlara baxmayaraq müsəlman açısından haqq hər zaman müsəlmandadır, hətta nə etməsindən asılı olmayaraq, çünki bu identifikasiya məsələsidir. Onların bəziləri bunu inkar etsə də sosioloji elmlər bunu inkar etmir hansı ki, identifikasiya məsələsi toplumun davranış və münasibətlərinin əsas istiqamətləndirici trayektoriyasıdır. Halbuki, müsəlmanlar görürlər ki, hansısa ərəb ölkələrində və İranda yəhudilərin yaşaması mükünsüz ikən İsrael parlamentində ərəb partiyalar, islamçı partiyalar mövcud, ölkədə islamçı təşkilatlar da var və onlar seçkilərdə səslər qazanaraq Knessetdə yerlər əldə edirlər. Və onların əsas siyasi məsələlərdə təsir etmək imkanları var, hətta nəzərə alandakı İsraeldə artıq neçə ildir stabil hökumət qurula bilmir və səslər parçalanıb, belə halda həmin ərəb siyasilərin koalisiyasının təsir etmə nüfuzu daha da artıb və İsraelin ən önəmli strateji məsələlərinə belə əks çıxa bilirlər, örnəyin Fələstin məsələlərində ciddi etirazlar edirlər. Lakin müsəlman ölkələrinin heç birində eyni proses yoxdur. Məsələn, ərəbləri kənara qoysaq, konkret örnək misalında Türkiyəni götürsək biz görəcəyik ki, anti-semitizm ciddi formada boy atmışdır. Bəli, müsəlman identifikasiyasına görə bu tarixən də olmuş, lakin, Ərbakan və sonrasında AKP kimi islamçı-fanatik hökumət dönəmində bu daha da körüklənmiş, o hala gəlmiş ki, AKP dəstəkçi dindar-fanatik kütlə yəhudiləri soyqırım belə etməyə hər an hazırdırlar. Bu isə tarixin qara ləkəsi olan HOLOKOST’un arxasında dayanan şərtləri, sosioloji durumu xatırladır. Qısaca, məsələ budur ki, həmin torpaqda tarixi açıdan min illərdir yəhudilər yaşamaqdadır və onlar müxtəlif zamanlarda o ərazilərdən qovulmuş, təqiblərə məruz qalaraq müxtəlif ölkələrə köç etməyə məcbur qalmışlar sonrasında isə 1948’də qovulduqları torpaqlara qayıda bilmişlər. Ona görə də müsəlmanların sizlər 1900’lərdə qayıtmısınız sözü tarixi təhrifdir, bu təhriflərin də tək səbəbi qeyd etdiyimiz müsəlman kimi özlərini identikləşdirməkdən doğur.

İndi isə sonuncu baxış bucağı olan azərbaycanlı prizmasından məsələyə yanaşaq:

Bu çox qarmaşıq bir məsələdir, çünki azərbaycanlı özünü həm azərbaycanlı, həm də müsəlman kimi identifikasiya edir. Bu isə iki zidd durumu yaradır. Ona görə də öncə biz müəyyən etməliyik ki, kimik və yaxud bizə nə lazımdır, nə istəyirik? Azərbaycanlı özünü azərbaycanlı kimi dərk edirsə o anlamalıdır siyasi reallığı.  Ən birincisi, azərbaycanlı anlamalıdır ki, o, dünyada haqqı bərqərar edəcək qüvvə deyil, o potensiala, gücə sahib deyil. O, sadəcə var olan düzənin qaydalarına uyğun olaraq öz maraqlarını müdafiə etməli, təmin etməlidir. O, anlamalıdır ki, Qarabağ məsələsində hansı ki, bu onun haqq işi idi, lakin 28 il idi ki, tək-tük dövlətləri çıxmaqla bütün dünya birliyi buna susmaqda, hətta Azərbaycanı hərbi addımlar atmaqdan çəkindirməkdə idilər. Xocalı kimi hadisəyə susaraq hansı ki, bu 1992’də ən yaxın tarixdə baş vermişdi, lakin 1915 hadisələrini gündəmə gətirirdilər. Azərbaycanlı dərk etməlidir ki onun haqq işinə dəstək verən tək-tük ölkə vardır və bunlardan biri də İsrael idi. İsrael sadəcə silah satmaqla dəstək verməmişdi, amma halbuki, bu özü belə yetərlidir, çünki onun Puaları məhz itkilərimizin qat-qat çox olmasının qarşısını almışdır, hansı ki, indi evində oturub da İsraeli lənətləyənlərin oğlu, qardaşı, qohumu dostu və s İsraelin o silahları sayəsində sağ qalmaq şansını əldə etmişdir. İsrael həmçinin bu günlərdə də ABŞ tərəfindən adı çəkilən 907’ci düzəlişin ləğvi ilə bağlı lobbi fəaliyyətlərində bulunmuşdur. 907’ci düzəliş Azərbaycana maliyyə yardımı və silah satışını sanksiya altına alırdı. İsrael təkcə Qarabağ üçün gərəkli müttəfiq deyil, bu həm də 1918’dən bəri Azərbaycanın təməli atılandan ona imperialist bir baxışla baxan İranın da cilovlanması, məhdudlaşdırılması üçün də önəmldir. Hansı ki, İran nə Birinci, nə İkinci Qarabağ savaşında Azərbaycanı həqiqi şəkildə dəsəkləmədi. Hətta bizim haqq işimizə kölgə salmaq, qələbələrlə irəliləməmizi əngəlləmək üçün müharibə ərəfəsində Azərbaycanı terrorçularla iş birliyində suçladı, böhtanladı. Halbuki, açıq aydın səs yazıları və görüntülərlə sübut olunmuşdu ki, Ermənistan terror təşkilatı olan PKK’dan istifadə etmişdir. İran bu gün də həm dünya, həm də Azərbaycan üçün ən əsas təhdid olaraq qalmaqdadır, nəinki təkcə hərbi, həm də kütlənin cahilliyini istismar edərək fars şovinizmini-imperializmini maskirovka etdiyi şiəliklə manipulyasiya edərək özünə sosial baza qurmaqdadır və biz bunu çox açıq şəkildə görməkdəyik. İranla bağlı çox şeylər yazmaq olar bunu özünüz də araşdıra bilərsiniz. Qısaca, bütün bu təhdidlərə qarşı müttəfiq İsraeldir. Lakin Azərbaycanlı heç bir reallığı dərk etməyən və buna görə də dəyələrndirmə apara bilməyən toplumdur. Azərbaycanlının fundamental dəyərləri yoxdur, o hətta öz maraqlarını belə nəinki qorumaq, hətta maraqlarının nə olduğunu belə dərk etməyən, anlamayan yarımçıq, xaotik toplum ola bilməyən çoxluqdur. Bu gün azərbaycanlı öz istiqamətini müəyyən edə bilməyən, etməyən gəmiçiyə bənzəyir onun üçün isə səmt küləklərinin hansı istiqamətə əsməsinin fərqi yoxdur, hara əsirsə orada yön alacaq. Azərbaycanlı özünü msəlman kimi indentifikasiya edəndə anlamalıdır ki, bütün millətlər elə məhz ərəblər, fələstinlilər də öz dini kimlikləri onların milli maraqlarından sonra gəlir və dini də milli maraqları üçün istifadə edirlər. Bunu biz ərəblərarası münasibətlərin gərginlik dönəmlərində açıqca görə bilərik. Qısaca, əgər sən var olmaq, öz varlığını qorumaq istəyirsənsə, öncə birinci kimliyini müəyəyn edib qorumalısan, hansı ki, bunun adına dövlət, ordu, bayraq, torpaq və sərhədlərin var və sonra isə digər kimliklərini məhz birinci kimliyə görə uyğunlaşdırmalısan necə ki, bütün millətlər belə edib istər Avropa xalqları, istər Orta Şərq, istərsə də Qafqaz. Birinci kimlik isə bəllidir AZƏRBAYCANLI.

Azərbaycanlı və müsəlman sosial kimlikdir. Məqalənin sonunda qeyd edilən birinci, ikinci sıralamaları da sosial kimliklər müstəvisini ehtiva edir. Məqalənin ilk girişində olan insani kimlik isə sosial yox, bioloji kimlikdir və bu burada müqayisə predmeti deyil, əlavə olaraq yuxarıda qeyd edilmiş, izahlar verilmişdir.