Axtar

Mete Türksoy

Azərbaycanlının təfəkküründəki borcluluq travması

Bizim bütün sosial münasibətlərimiz ağa-kölə tabeçilik iyerarxiyası üzərində qurulub və bu da bizim azad şəxsiyyət olmağımıza əngəl yaradır. 

Biz doğulan andan bəri borclanmış fərdlərik. Borcluluq təfəkkürü cəmiyyətin primitiv və sonrakı Orta Əsrlər dövrünün məhsulu olaraq, hələ də günlük həyatımızda və sosial münasibətlərimizdəki dəyər kriteriyasını müəyyən eləməkdə mühüm rol oynayır. Bizim borcumuz var – anaya borc, ataya borc, vətənə borc, dövlətə borc, bizə təhsil verən müəllimə (amma verdiyi təhsil müqabilində maaş alan) borc, müdirə borcluluq hissi (halbuki öz əməyinin qarşılığını alsan da belə) tanrıya borc və s. 

Həyatımız sanki kreditə alınmış bir əşyanı(bəli, əşya, çünki bu durumda həyatımız adi bir əşyadan fərqlənmir) xatırladır, hansı ki, alınan(doğulan) gündən bəri, bizim borc sayğacımız aktivləşməyə başlayır. Bizim kimliyimizi müəyyən edən borclarımızdır. 

Məsələn, sən yaxşı övlad və insan kimliyini əldə etmək üçün valideynlərinin qarşılıqlı razılığı əsasında valideyn olmaq arzusunun bədəli olaraq, səni dünyaya gətirməklə borclandırdıqları borcu ödəməlisən. Sən qələt edərək bu torpaqda doğulub-böyüdüyün üçün də vətən borcunu ödəməlisən, çünki o olmasa, sən yəqin ki, hələ də ananın bətnində qalmışdın, amma bununla bitmir vətən borcunu sən tək hərb ilə deyil, hər gün ödəməyə məhkumsan. 

Vətən ikinci anadır, amma sən öz ananın qoynunda bir qarış yerə sığınmaq üçün min bir xərc çəkməlisən, torpaq almalısan, amma, halbuki, müharibədə sən həyatını riskə ataraq döyüşürdün, təbii-sərvətlərindən istifadə edirsən və bunun da borcunu ödəyirsən. Bu məqamda, ikinci ananı(vətəni) birinci ana ilə əvəzləsək, belə qəribə bir hal alınar. Sən ananın südüylə qidalandığın üçün ona aylıq pul verirsən və yaxud o, bir dəftərə qeyd edir və sən gələcəkdə “valideyn borcu” adlı ipoteka kreditini ödəməyə məhkum edilirsən. Bizlər o qədər sözəbaxan, başıaşağı(başıaşağı gəzib-dolanmaq bir dəyər sayılır)  fərdlər olaraq formalaşmışıq ki, biz qeyd-şərtsiz, sorğu-sualsız borclarımızı yerinə yetiririk. 

Biz, bu həyat bankının xalq olaraq ən yaxşı müştərisiyik. 

Bizim bitməyən borclarımızdan, hətta tanrıya da pay düşür. Axı o, əziyyət çəkib bizi yaradıb. Bir düşünün, bizi yaratmasa, görün necə də dəhşətli hal olardı – biz olmazdıq. Görün, necə böyük lütfkarlıq edib tanrı. İndi biz necə onun bu mükafatını qarşılıqsız qoyaq ki ?! 

Tanrımız da özümüz kimidir, bir bankın borcalma aparatı (kredit şöbəsi) təki bizi hər dəfəsində operatorları(peyğəmbərləri) vasitəsiylə təhdid edir, əgər borcumuzu qaytarmasaq, məhkəmədə (axirət dünyası) mühakimə edəcəyini, deyir. Əslində, elə bu 3 səmavi din deyildimi bizi borclu təfəkküründə formalaşdırıb, köləlik dünyasına daxil edən ?! 

Biz azad şəxsiyyət deyilik, biz orta əsr ibtidai təfəkkürün ağa-kölə münasibətlərindən qurtula bilməyən acizanə qullarıyıq. Bəli, biz quluq və bu həyatdakı ən ali təyinatımız da məhz elə qulluqdur. 

Təfəkkürümüzün qulluq(köləlik) qatlarını güzgü kimi əks etdirən dilimizin lüğət tərkibi də bunu aydınlatmaqdadır. Vətənə qulluq,dövlətə qulluq(xatırla: dövlət qulluqçusu statusu), valideynə qulluq, tanrıya qulluq. Mən sizə deyirəm, ey, əziz mötəbər, qulluqda ad çıxarmış xalqım, qul psixologiyası və prinsipləri üzərindən formalaşan fərd azad şəxsiyyət ola bilərmi, ümumən o, bir şəxsiyyət ola bilərmi ?! 

Şəxsiyyət olmaq, hələ-hələ azad şəxsiyyət olmaq üçün sənin bütün qulluqlardan, qul təfəkküründən  azad olmağın zəruruidir. Sən indi borcları xirtdəyinəcən yığılmış bir həyat bankının müştərisisən. Sənin azadlığın onların əlindədir, çünki sənin öz əlindəkilərini belə, onlar heç zaman sənin əldə etmədiyini anlatdı. Sən, heç zaman bilmədin ki, sən, həqiqətən, bunlara qadirsən,layiqsən. 

Sən, əldə etdiyin hər  uğurda bir dua yardımı, valideyn borcu, dövlət qulluğu gördün, sənin azadlığın sənin şəxsiyyətinin ruhu idi, amma indi o ruhun çox uzaqlarda, indi sən ruhu ölmüş, zombiyə çevrilmişbir “şəxsiyyətciksən.”

Advertisements

Qadınlar nə istəyir ?

Hər canlının instinkləri var və necəki, iki erkək canavar, aslan döyüşür dişi aslan, canavar baxır və qaliblə cütləşir. Dişiyə güclü olan, həyatda qalmağı bacaran təbii seçmə mexanizmində qalib olan erkək lazımdır. İbtidai vəhşi təbiətdə dişinin ehtiyacları, yaxud erkək seçmek kriteriyaları həmən erkəyin namizəd olan, digər erkəklər içindən vuruşaraq qalib çıxması və ov ovlamaqda bacarıqlı olması ilə əlaqəlidir.

Dişi gözləyir ki, hansı erkək onu qazanmaq şansını dəyərləndirəcək, övladının ehtiyaclarını təmin etməyə uyğun olduğunu göstərəcək (analıq instinki) və o, həmən erkəyi seçəcək. Bütün bunlar ibtidai insan sürülərində də vardı. Onlar ən yaxşı ov ovlayana “aşiq” olur, ən güclüyə meyil edirdiler. Qadın instinklərinin təbiəti birinə ehtiyac duymağa, arxalanmğa, söykənməyə meyillidir. Qadin həmişə güclü bir erkəyə ehtiyac duyub.

Bu güclülük kriteriyası dövrün tendensiyaları ilə təkamül keçirib. Məsələn: güc, bayaq dediyimiz kimi ibtidai şüurlu heyvanlarda ovlamaq, dalaşmaq idi, eynən ibtidai insanlarda da bele idi(indi də bəzən bəzi erkəklərin fiziki üstünlüklə özlərini dişiyə göstərmələri mövcud). İndi isə hər dövrün öz qanunauyğunluğu olduğu kimi indinin tendesiyası da puldur, çünki kapitalizm (pulizm) dövrüdür, indi gücün imitasiyası puldur.

Qadin ise güc xəstəsidir, cünki təbiətən zərifdir ve zərifliyi gücə həsəd aparır, çünki kainatda olan butun elektronlar, protonlar mənfi-müsbət olaraq bir-birin cəzb edir və mənfi müsbət yüklü qüvvələrin qarşılıqlı təsiri, əlaqəsi ilə kainatın mövcud olma potensiallığı baş vermişdir. Qadın da belə, özündə mənfi (yaxud müsbet ) olanların əksini kişidə gördüyü zaman bu onu cəzb edir.

Bu güc isə müxtəlif meyarlarla imitasiya olunub, hansı ki, bu güc sözünü pul, gözəllik, sosial status, yəni nüfuz, sanballı karyera ve s göstərmək olar, amma ilkin olaraq dəyişməyən bir şey var:

İnstinklerin təmini- yəni seks ve yaşam insinkləri.

İki başlıca instinkin təmini bu da baş verir pul(dövr şərtlərinə görə) və seks ilə.

Dəyişən sadəcə formalardır, amma mahiyyət eynidir. Ağ atlı oğlan olub, ağ Galenvagenli oğlan. Bizlər, amma ağ atlı oğlan deyib düşünürük ki, zamanə pisləşib, qızlar indi maşına, pula meyil edir, lakin demirik ki, ay bədbəxt xəyalpərəst, dövrün o zamankı tendensiyasına görə elə ağ Galenvagen  ağ at idi də.o-WOMEN-FRIENDS-facebook

Sosializm, Solidarizm və Kapitalizm analitik-fəlsəfi müqayisə

Sosializm

Sosializm nəzəriyyəsinin banisi Karl Marks hesab olunur. K.Marks dövlət daxili problemlərin siniflər arası ziddiyyətlərdən yarandığını qeyd edir və buna görə də o, bu problemlərin həlli yolu kimi sosializm(sosial rifah, sosial bərabərlik) nəzəriyyəsini təqdim edir. Sosializm ümumi rifaha əsaslanan nəzəriyyədir. Burada özəl mülkiyyət problem yaradıcı əsas faktor hesab olduğundan o rədd edilir. Belə ki, bütün mülkiyyət ümumi mülkiyyət sayılır. Ölkə resursları üzərində nəzarət dövlətin əlində cəmlənir. Özəl sahibkarlıq yoxdur, Azad Bazar İqtisadiyyatı yoxdur. Belə ki, iqtisadiyyat dövlətin nəzarətindədir. Bütün fabrik, zavodlar dövlət mülkü sayılır, siniflər arası fərqlər yox edilir.

Kapitalizm

Kapitalizm azad rəqabətə əsaslanan nəzəriyyədir. Bu nəzəriyyə təbii seçmə prinsiplərinə uyğun gəlir. Belə ki burada Azad Rəqabət var. Bu prinsip isə təbii seçmədə olduğu kimi güclünün qələbəsini dəstəkləyir və təmin edir. Əsas fəlsəfi mahiyyət budur: “Güclü olan zəiflər üzərində qalib və hökmrandır.” Yəni, təbii seçmə nəzəriyyəsinə görə mühitə uyğunlaşmanı uğurla başa vuran canlılar sağ qalır. (Burada güclülük təbii seçməyə uyğunlaşma, ona ayaquydurma kimi xarakterizə edilir).Burada da azad rəqabət(təbiət şərtlərinin imitasiyası) əsasında güclü  şirkətlər, korporasiyalar, digər şirkət və korporasiyalar üzərində qalib gəlir, onları “udurlar”.Bu azad rəqabət sistemi isə Azad Bazar sistemi ilə təşkil edilir. Özəl mülkiyyət fərdi azadlığın əsas predmeti, meyarı sayılır. Özəl sahibkarlıq isə dövlətin daha proqressiv olmasına zəmin yaradır. Həyat maddi nəsnə sayıldığından, maddi olanların ekvivalenti kimi “kapital” da əsas dəyər və meyar sayılır. Çünki Kapitalizm təbiətin imitasiyasıdır.

 

Solidarizm

Solidarizm nəzəriyyəsinin banisi Emile Durkheimdir. Solidarizm nəzəriyyəsi Sosializmə və Kapitalizmə alternativ bir nəzəriyyə kimi yaradılmışdır. Solidarizm siniflər arası rəqabəti rədd edirdi. Emile Durkheim Marksın “problemin səbəbi siniflər arası ziddiyyətlərdir” fikrini qəbul etmir. Kapitalistlərin də israrla önə sürdüyü “siniflər arası rəqabət inkişafa aparır” fikri ilə razılaşmır. Ümumən analiz etdiyimizdə görə bilərik ki, bu kimi ziddiyyətlər “milli birliyi” zədələyir, çünki insanların sosial problemləri nlar arasında fərdi mənafelərin yüksəlməsinə şərait və bu fərdi maraqlar sosial konfiliktə yol açır. Fərd özünü sosiumun bir parçası kimi hiss etmir. Ancaq solidaristlər sosializmin də dövləti inkişafdan saxladığını anlayır və buna görə də alternativ olaraq “orta yol”, “Qızıl Orta” prinsipini təqdim edirlər. “Qızıl Orta” hər zaman filosoflar tərəfindən ən optimal variant kimi realizə olunub. Buna Buddha, Aristotel əsas örnəklərdəndir. Solidarizm iqtidsadiyyata dövlətin müdaxiləsini qəbul edir. Bu müdaxilə bazarda yarana biləcək monopoliyaların, inhisarlaşmanın öncədən qarşısının alınması, xırda sahibkarların və əhalinin sosial təminatını və maraqlarını təmin  edilməsi naminədir. Solidarizm dini baxış yanaşmalarında sekulyarizmi müdafiə edir.  Bundan başqa o insan haqlarının təminatçısı kimi də çıxış edir. Hər bir insanın pulsuz təhsil almaq,  pulsuz səhiyyədən istifadə etmək, işləmək, hüququ var. Buna görə də Solidarizm hümanitar bir nəzəriyyə olduğundan bu haqları təmin edir. Ümumən aşağı və yuxarı, minimum və maksimumdur. Həyat isə nə mütləq minimum nə də mütləq maksimum olacaq qədər bir mütləqliyə sahib deyil. Həyatda mütləq həqiqət deyə bir şey yoxdur.

Nəticə

Kapitalizm aşırı fərdiyyətçi nəzəriyyədir. Aşırı fərdiyyətçilik isə sosial məsuliyyətlilik və sosium hissini öldürür, sosial parçalanmaya, deqredasiyaya yol açır. Bəli, kapitalizm təbii seçmə nəzəriyyəsinə əsaslanır, lakin insan ağlı bu nəzəriyyəyə qarşı çıxır (bu özü ayrıca bir mövzudur). Kapitalizmdə iqtisadiyyatdakı böhranlar tez-tez olur. Sosializm isə kapitalizmin tamamilə əks qütb nəzəriyyəsi olaraq aşırı kollektivisizmə əsaslanır.  Ümumi rifah naminə fərdlərin maraqlarını, mənafelərini tapdalayır. Fərdi inkişaf perspektivləri olmadığından toplumun ümumi motivasiyası aşağı olur. İqtisadiyyatda baş verə biləcək problemlər dövləti çökdürmək iqtidarındadır, çünki dövləti kritik  günlərdən çıxara biləcək alternativ bazar yoxdur. Yəni iqtisadiyyat vahid mərkəzlidir, mərkəz zədələndisə, çöküş qaçılmazdır, ancaq kapitalizmdə iqtisadiyyat çoxmərkəzli(plüralizm) olduğundan çöküş rahatlıqla baş vermir.  Bütün bunlara alternativ olaraq  Solidarizm ən optimal nəzəriyyədir. Çünki Solidarizm həm şəxsi, (unutmaq olmazki toplum əsas olsa da toplumu təşkil edən əsas özək fərdlərdir) həm toplum maraqlarını qoruduğundan, sosial, iqtisadi  böhranlar demək olar yaranmır. Ümumi fəlsəfi müddəalardan çıxış edərsək deyə bilərik ki, ən yaxşı nəsnə bütün nəsnələrin sintezindən yaranaraq ən yaxşıları özündə təcəssüm etdirən sintez nəsnədir. Solidarizm də Kapitalizm və Sosializmin ən yaxşı cəhətlərini özündə təzahür etdirən sintez nəzəriyyədir.CLASSES SOCIAIS

İnsan qətletməyə/öldürməyə meyilli canlıdır.

İnsan xarakterik olaraq qətl etməyə, digərlərini öldürməyə meyillidir.

Bugün, insanların digərini öldürməməsi ağılın empati quraraq özünü qoruması üçün hazırladığı “təbii hüquq və bu hüquqdan yaranan normativ hüquq” sisteminə görədir.Bu hüquqi normativlərə görə, bugün kimisə öldürmək cəza prosedurlarına məruz qalmağımıza səbəb olur.Amma insanlar bu öldürmək, məhv etmək instinklərini alternativ yolla ödəyirlər.

Bu yol isə müharibələrdir !

Müharibələrin normativlərə uyğun olması səbəbindən, müharibə əsnasında insanlar bacardığı qədər daha çox zorakılıqlara, vandalizmə, öldürməyə can atırlar.Bu onların instinktiv təbiətlərinin təzahürüdür.

Çünki sosial darvinizmə də əsasən hər bir canlı digər canlını məhv etməyə yönəlikdir, bir növ bunu spermaların qadın bətninə doğru radikal yarışmasında da görə bilərik, hansı ki, bu zaman, yalnız bir sperma hüceyrəsi sağ qalmaq şansını qazanır.

Dünya sisteminin faktiki şəraitində müharibələr yaxud müharibənin bir növü olan terrorizmlər qaçılmazdır. Ən yüksək inkişaf ibelə insanların bu instinklərini cilovlamır. Xoşbəxtlər ölkəsi sayılan Norveçdə belə insanlar bunun digər vasitələrini həyata keçirirlər bu da intihar, yəni öz-özünü öldürmədir. Burda da öldürmək aktı həyata keçirilir, sadəcə son gedişat kimi insan öz-özünə qəsd edir.

Bu insanın özünü disfunksional hiss etməsi ilə bağlıdır, çünki artıq o insanlar üçün hansısa çırpınacaq məqsəd qalmadığından, öz-özünü məhv etmə başlayır. Keçmişdə şəhər dövlətlər ya tayfalar bir-birlərin qırırdılar, sonra onlar birləşdi dövlətlər yarandı. İndi isə dövlətlər bir-birlərini qırmağa davam edirlər.

Ancaq Qalaktikamızda, ya ondan xaricdə bir düşmən tapıldığı zaman dünya insanları vahid “etnosa” dönüşəcək və vahid “Dünya Dövləti” də bərqərar olacaqdır. Bu da kütlələrin yaranma proseduruna uyğun formatda baş verəcək.French_bayonet_charge

Millətləri var edən simvollar və dəyərlər. Türk millətinin millətləşmə problemi.

Hər millətin onu təcəssüm etdirən bir simvolu, predmeti vardır. Bu simvol və predmet millətlərin yaşadığı coğrafi ərazinin fərqlilikləri ilə müəyyənləşir, assosasiya olur.(Çünki, müxtəlif ərazilərə görə müxtəlif nəsnələr toplumların həyatında önəmlilik daşıyır). Məsələn, Elias Canettinin qeyd etdiyi kimi isveçrəli üçün dağlar, ingilis üçün dəniz, holland üçün dənizin önünü kəsib ölkəni qoruyan dambalar, almanlar üçün meşə (həm də meşəni imitasiya edən ordu) misal olaraq göstərilə bilər. Önəmli məqamlardan biri budur ki, kütlələrin bu simvolları dəyişərsə onların xarakterik özəllikləri də dəyişimə məruz qalar.

Məsələn, isveçrəliləri dağlıq ərazidən səhralığa köçürsək, yaxud dağlar partladılaraq yox edilsə, onların xarakterik mahiyyətinin təcəssüm qaynağı dəyişimə uğrayar və illər sonra var olan isveçrəli toplumu əvvəlki toplumdan istər düşüncə, istərsə də xarakter olaraq böyük fərqliliklər göstərər.

Elias Canetti maraqlı bir məqam kimi almanların “Versal” müqaviləsi dövrünü analiz edir. O, deyir ki, alman millətinin simvolu olan ordunun ləğv edilməsi önəmli problemlər yaratmışdır. Bunu edən Adolf Hitler isə çıxışlarında hər dəfə təkrar-təkrar “Versal diktatı” şüarından istifadə edir, millətin yarasının qaysaqlanmasına imkan vermirdi, yoxsa, əks təqdirdə almanı “alman” edən( hər millətin  öz xarakteristik spesifik mahiyyəti onu var edən əsas faktordur.) spesifik mahiyyət itirilə bilərdi.

Bu gün türk millətinin də simvolik dəyərləri itirilmişdir(əlimizdən alınmışdır). Bu simvolika çox ehtimal ki, türklərdə də ordu idi.  Çünki, yaşadıqları coğrafi bölgələrin fərqli özəlliklərinə baxmayaraq bütün türklər üçün ortaq təcəssüm ordu ilə ehtiva olunur. Bu gün türk dövlətlərində ordunun diqtəsi, avtoritetliyi yox edilmişdir. Biz bu dediklərimizə önəmli örnək olaraq Atatürk dövrünü çox əsaslı şəkildə göstərə bilərik. Atatürkün yaratdığı dövlət modern milli-dövlət strukturlu dövlət idi, ancaq dövlətin mahiyyətini ordu təşkil edirdi. Yəni, ordunun diqtəsi, avtoritetliyi və mahiyyətlilik müstəvisində dominantlığı mövcud idi. (Nəzərinizə çatdırım ki, keçmiş türk dövlətlərində olduğu kimi Atatürk də bir sərkərdə olaraq dövlət qurmuşdur).

Bu da Atatürk Türkiyəsinin türk toplumunu dirçəltməsi və Bilgə Kağanın dediyi “Ey türk, titrə və özünə dön. Sən özünə dönəndə güclü olursan (yəni özün olursan, türk olursan).” sözünün realizasiyası idi. Bu, toplumun milli qürur və heysiyyat məhfumlarının öz təfəkkür və xarakterik aktlarında təzahür etdirməsinə nail oldu. Ancaq, illər sonra dövrümüzdə ordunun diqtəsinin Türkiyədə azaldılması, digər türk dövlətlərində yox edilməsi hal-hazır ki, şikəst, xarakteristikasını itirərək başını da itirmiş türk toplumun yaranmasına səbəb olmuşdur. Önəmli məqam budur, hər millətin, toplumun birləşdiyi təşkilati-sturukturu olan dövlətin təşkil edilməsi onun spesifik mahiyyəti ilə şərtləndirilməlidir.

Qeyd: Bir milləti və onun spesifik xarakterini var edən digər nəsnələrdən biri də o millətin özünəməxsus kültürüdür. Bu kültürün də önəmli məhfumu dildir. Çünki dil var olan şüurun xarakterini açmaqla yanaşı, özü də zamanla şüuru formalaşdıran bir faktor kimi analiz edilir.

gburg

Kütlələrin və toplumların yaranma/yaradılma mahiyyəti

Kütlələrin və toplumların birləşməsi, kütlə, toplum fərdlərinin bir-birinə daha sağlam və möhkəm inteqrasiyası üçün iki şey gərəkdir. İdeya(məqsəd) və Qorxu (düşmən və təhlükə).

İdeya mahiyyət etibarı ilə kütlə və toplum üçün funksioner məhfumdur. O kütləni irəli çəkib aparan lokomotivdir. İdeyalar həm də fədlərin bir-birinə inteqrasiyası ilə kütləni yaradan fundamental səbəbdir. Fərdlər ideyalara bürünəndə onların MƏN’i (subyekti) ölür və onlar subyektləşən ideyanın obyekti olaraq çıxış edirlər.

İdeyanın maraqlarına(obrazlı şəkildə) uyğun olaraq yaranan kütlənin xammalı olurlar.

Fərdlər, qeyri-ixtiyari bir formada bu prinsipə uyğun xarakterik səciyyə sərgiləyirlər. Onların mərkəzdənqaçma (kütlədən) meyilləri yaradılan funksionallıq qəliblərinə əks olaraq disfunksionallıq yaratdığından, bu heç də fərdin özü üçün də qıraqdan müşahidə edənlərin nəzəri üçün də azuolunan deyil.

Bir də var qorxu ilə birləşmə, qorxu mənşəli yaranan kütlə.

Burada şərtlər ideya əsaslı kütlədə olduğu kimi olmayacaq. Bu bir növ məcburi sıxlaşma, birləşmə ilə yaranan kütlədir. Qorxudan yaranan kütlənin tarixi çox qədimlərə gedib çıxır. İlk insan sürüləri (bütün canlı sürülərində olduğu kimi) hansısa təhlükə önündə yaranan qorxunun məcburetmə aktı sayəsində birləşməyə doğru addım atmışlar.

Həmin bu qorxu onları birləşdirən tək dəyərdir və kütlənin varolma müddəti bu qorxunun davametmə müddəti ilə (yəni, təhlükənin ömrü qədər) düz mütənasibdir.

Bu bir növ müasir dövrdə dövlətlərin hansısa bir təhlükə önündə konfedrasiya yaratması kimi yaranan birlikdir. Hər iki birliyin yaranma mənşəyi, səbəbi qorxudur, təhlükədir.

Ona görə də müəyyən zamanlarda idarəedicilər var olan insan qalabalığını kütlə halına gətirib rahat idarə etmək və kütlənin potensiallarından maksimum istifadə etmək üçün insan çoxluqlarından  kütlələr yaratmışlar. Bu da ya ideoloji əsaslı, ya da qorxu əsaslı kütlə olub. 

Kütlə potensialının realizasiya edilməsində ideoloji kütlələr daha qalıcı, daha bəhrəlidir Çünki bunlar həm məcburi deyil(məcburetmə iş keyfiyyətini öldürür, entuziazm(həvəs) olmadığıdan), həm də müəyyən bir hədəfə yönəlikdir, yəni kütlənin aktiv dinamikliyi qaçınılmazdır.

Ancaq bunun əksi olan qorxudan yaranan məcburi kütlə, hansısa irəlilədici, tərəqqiyə hesablanmış hədəfə malik deyil. O, sadəcə təhlükədən qorunmaq naminə qorxudan yaranan birlikdəliyin təzahürüdür. Qorxu əsaslı bu kütlənin maksimal prinsipialığı, potensialığını davam etdirməyə yetərlidir.

Bir növ ideyalı kütlə müəyyən hədəfə yönəlik olduğundan hücumçu kütlə saymaq olar, digəi isə müdaiəçi kütlədir. jfkwhp-st-254-6-61

Həyatın mənası nədir nədədir?

​Həyatın mənası  nədir və yaxud nədədir ? 

Bu sual əsrlər, eralar boyunca istər intellektual beyinləri, istərsə də primitiv təfəkkür dərəcəsinə malik olan beyinləri müəyyən dərəcədə məşğul etmişdir. Müxtəlif kültürlər, müxtəlif mədəniyyətlər öz prizmalarından bu sualı cavablandırmağa, həyatı dəyərləndirməyə çalışmışlar.  

Bu sorulara biz ən çox Hind fəlsəfi təlimlərində rast gələ bilərik, bunun üzərinə kitablar, yazılar yazılmışdır. Ümumiləşdirmə aparsaq, onlara görə həyatın mənasını həqiqəti tapan şəxs anlaya bilər, həqiqəti  isə metafizik bir anlamı əks etdirən bir məhfum kimi,  yalnız qəlbimizin gözləri ilə öz içimizdə görə bilərik.  

Həqiqətə çatmış aydınlanmışlar isə həyatın mənasını müəyyən əxlaqi normativlərə uyaraq “düzgün” yaşamaqda və bu həyatın maddi nemətlərindən özünü çəkindirərək, əbədi həyat üçün ibadətlər ilə mənəvi həyatı qazanmağa çalışmaqda görürdülər. Bəzi hind fəlsəfi təlimlərinə görə, sən, özünü ətdən uzaq etməli, seksdən bacardıqca uzaq durmalı, (yanlız uşaq olması üçün seks etmək, Qandi də belə deyirdi bir Caynist olaraq) abid həyatı yaşamalısan(ola bilsin ki ,Sinoplu Diogen başda olmaqla antik yunan filosoflar məktəbindən biri olan Kiniklərə də abid həyatı, tərki-dünyalıq, məhz hind fəlsəfi- təlimlərindən keçmişdir). İnsan maddi (fizioloji) və mənəvi (psixoloji)olaraq ayrılan dualistik yapıdan ibarətdir. 

Şərq (əsasən də Hind) fəlsəfi təlimlərinin əksəriyyəti insanların mənəvi yapısına tamamilə müstəqillik verərək, böyüdərək insanin maddi hissəsini onun əsarətinə qurban verirlər.  İlk olaraq, birinci baxışdan ən elementar formada biz irad kimi bunu qeyd edə bilərik ki, bu cür yanaşma insan yapısını formalaşdıran “Simmetriya” (İnsan yapısı həm maddi, həm mənəvinin  vəhdətində mövcud olma potensialına sahibdir)sisteminin pozulmasına gətirib çıxarır. Bu da ciddi deformasiyalara , deqradasiyalara yol aça bilir. Bu cür yanaşma edənlər insanların ikili (dualistik) yapısını, təbiətini görməzdən gələnlərdir. İnsan bir müstəvili deyil, onu  bir müstəviyə sığışdırmaq, onu şikəst etmək deməkdir.  

Məsələn,  Buddizmdə acını əsasən “arzu etmək” aktı ilə əlaqələndirirlər və acıdan qurtulmağı da  bu aktın rədd edilməsində görürlər, yəni bir insanın arzu etmək aktının məhv edilməsini onun hüzur içində olması ilə əlaqələndirilər.  Bu necə də absurd bir şeydir axı ? Arzu etmək insan təbiətinin, fundamentinin(instinklərinin) yaratdığı bir vasitədir və insanlığı lokomotiv kimi irəli apararaq “inkişafa, tərəqqiyə” ulaşdıran, ibtidai icmadan bu günə gətirən, məhz elə o arzuetmə aktıdır.  Bəli, insandan arzu etmə aktını alaraq onu hüzura qovuşdura bilərsən, çünki o, ən yüksəklərə həsəd aparmayacaq, baxmayacaq və rəqabət hissində olmayacaq, nəticə olaraq da o, heç bir arzu etməyəcək. Bu ona hüzur verər, amma bu hüzur necə bir hüzurdur ?

 İçi boş, saxta və süniliklə (çünki ağıl əsasında proqramlaşdırılaraq yaradılır arzuları məhv edərək, ağılın isə özü sünidir, çünki instinklərimiz özünü təmin etmək aktını həyata keçirərkən optimal varinatlara ulaşmaq üçün ağılı yaradıb məs: ilkin ov zamanı  insanlar ovu çətinliklə edirdilər və adətən uğursuz ov edir, yaxud ölürdülər təhlükələrin qurbanı olaraq, instinklər spontan olaraq ağılı yaradır daha optimal variantlar üçün ,bir növ təkamül  baş verir mövcud şəraitə adaptasiya olunaraq) dolu  bir hüzurdur. Saxta gülüşlər insan ömrünü hansı dərəcədə uzada bilərsə, saxta hüzurlar da insanı xoşbəxt edərək, o dərəcədə onun həyatına faydalı ola bilər. 

Unudulan məqam budur: “bizim həqiqətlərimiz, həyatımızın mənası instinklərimzidə gizlidir”.

 Biz bioloji varlıq olaraq fundamentimiz instinklərimizin üzərindədir. Bizim atdığımız hər addım, sadəcə o instinklərin təmin edilməsi uğrunda çabalarımızdan başqa bir şey deyil. “İnsanların xoşbəxtliyi instinklərin təmin olunması ilə yaranır.” Obrazlı şəkildə desək, instinklər insanı  mükafatlandırmaq üçün serotonin adlı hormonu beyin vasitəsi ilə bədənə yayaraq onu “xoşbəxtliklə” mükafatlandırır. İnstinklər fundament olaraq özləri ikidir. Yaşam (Sağ qalmaq) və Seks (təbii artım ilə genin özünü kopyalayaraq gələcək nəsillərə ötürməsi).  Bu iki instinkdən isə digər altinsintiklər (şərti ad) şaxələnir. Bayaq dediyimiz məsələyə qayıdaq, dedik ki, instinklərdən ibarətik və bizim xoşbəxtliyimiz və proqramlanan bütün həyatımız o instinklərin təmin edilməsinə sərf olunur. 

İndi isə gələk əsas məsələyə,instinklər bu təminatları əldə etmək üçün (obrazlı dil) ağıl adlı məhfumu yaratmışdır. Ancaq zamanla insan fizoloji olaraq təkmil və təkamül prosesləri keçərək beynin daha da inkişaflı mövcudiyyətinə gəlib çatmışdır. Beynin bu cür inkişafı ağlın (beyin sahələrindən biri olan neokorteks bölümünə aiddir) özünün də inkişafına və zamanla müstəqilliyə (obrazlı dildə) can atmasına səbəb olmuşdur. Bu müstəqillik isə instinklərin, ilkin, təbii olanın əsarəti üzərindən əldə edilməyə çalışıldığı üçün, ağıl ilə instinklər arası ziddiyyətlər meydana gəlmişdir. Əslində, bu ziddiyyətlərə yön verən də Hind fəlsəfi təlimlərinin nümayəndələri kimi düşünən şəxslər olmuşdur. 

Bu təlimlərin yaranma ehtiyacı kimi bir versiya olaraq özünütəsllidən qaynaqlandığını da götürmək olar. Belə ki, ağıl instinkləri təminetmə yollarına ulaşdıra bilmədikdə , yəni isntinklərin təmin edilməməsi hər zaman onların şüurlarını mübarizəyə, narahatlığa məhkum edir ki, bütün bu prosedurların da məcmusu bədbəxtlik adlanır və təbii olaraq, adekvat refleksiv bir akt kimi ağıl bütün bu narahatlığa son vermək üçün öz müqəddaratını  təyinetmə işinə  girişərək,  mənəvi olanın maddi olan üzərində qələbəsini səsləyəcək düşüncələr toplusunu yaratmaqdadır. 

Məsələn, bu kimi yanlış düşüncələr toplusundan ən dəhşətlisi (təbii olanın məhvini bütünlüklə şərtləndirdiyi üçün) yaxın şərq dini-təlimi olan xristian təlimçilərindən birinin (səhv etmirəmsə, Pavelin) seksi mundar olaraq qiymətləndirməsi, əsl rahib həyatının evliliyi rədd etməklə gerçəkləşəcəyini  bildirməsi və ən pis halda, sadəcə yalnız evliliyə icazə verilməsini məqbul görməsi  firki olmuşdur. Belə ki, seksin tamamən rədd edilməsi toplumun məhv olmasıdır, halbu ki, bizim genlərimiz avtonom olaraq özünü kopyalamağa proqramlaşdırılıb, belə ki özünü gələcək nəslə ötürməyə. Bunun rədd edilməsi, təbii olanın məhvidir, bu isə təbiətə tamamən əks gəlməkdir. 

Şərq dini-fəlsəfi təimləri (başda Hind təlimləri olmaqla) ağılın (mənəvinin) müstəqilliyinə çalışaraq, instinklərin(maddinin) rədd edilməsinə səbəb olurlar, ancaq bir şeyi unutmamaq lazımdır ki, təbiət onun qanunlarına əks gələnləri bağışlamır və biz mövcud şəraitə uyğun formalaşdığımızdan, təkamül etdiyimizdən və nəticə olaraq da isntinklərin yaranmasına görə biz onlara tabeyik, çünki təbii şərait insan yapısını bu cür formlaşdırmışdır. Üst yapını(ağılı) üstün tutaraq,alt yapının (instinklərin ) məhvi binanın çökməsinə səbəb olar.

Bütün bu yazılanlardan yekun nəticə çıxarası olsaq, həyatın mənası sualına cavab kimi bunu qeyd edə bilərik: “İnsan öz instinktiv ehtiyaclarını təmin etməlidir, bu istər yaşam, istərsə də seks instinki olsun. Bu instinklərin şaxələnmiş formasiyaları isə belə təsnifatlandırıla bilinər. Yaşam instinki, bizim, fundament olaraq sağ qalmamızı təmin etsədə, şaxələnmiş formasiyasında o bizim “yaxşı yaşayışımızın” tətikçisidir. 

Məsələn, bir insanın maraqları civarında öz hobbiləri ilə məşğul olması, məsələn, kitab yazması, oxuması, musiqi ilə məşğul olması, geyimlərlə öz zövqünü oxşaması, insanlarla ünsiyyət , əyləncələr və s.  

Seks instinkinin şaxələnmiş formasiyası isə sevgi, qayğı kimi duyğuları yaratmşdır, bu da bir şəxslə bizim psixoloji (duyğusal) və sosial münasibətlərimizi səciyyələndirir. Bütün bu və buna oxşar digər təlabatların düzgün şəkildə ödənməsi insanların özünü xoşbəxt hiss etməsinə səbəb olur. Doğrudur, instinklərin tələbləri tükənməz olduğundan, arzular da tükənməzdir, ancaq unudulmaması lazım olan budur ki, insan təbiəti etibarı ilə dialektik prinsiplərə uyğundur, yəni insan bütün instinkləri və ağılı ilə birgə daimi dinamik inkişafda olan bir “orqanizmadır“. 

Bizlər, öz təbiətimizi(yapımızı) kəşf edərək onun mahiyyətini, özəlliklərini, çalışma mexanizmasını anlasaq, həm təlabtalarımızı ödəyərik, həm də yanlışlıqlara daha az bulaşarıq. Və anlamadığımız, kəşf etmədiyimiz üçün bizə möcüzəvi gələrək gözümüzdə bütləşən, “dəyərliləşib” bizi əsir edən şeylər üzərində də qələbə qazanarıq. 
“Bütün bütləri sındıraraq”

Kütlə şüuru və indivudualizm

Kütlə xarakteristikasında olan bizlər nə qədər fərdiləşsək də ümumi kütlə şüurunun xarakterini özümüzdə daşıyırıq.

Belə ki, bir teatrda yanğın olarsa, bizlər 2-3 qapı olmasına baxmayaraq, axının əsasən yön aldığı qapıya doğru qaçacağıq. Adətən axın bir istiqamətdə olur.

Bu kütlə şüuru, kollektiv şüurdur.

Ancaq, bu məqam da var ki, ilkin primitiv yapımız olan bu xarakteristika bizə fayda verməyəndə, yəni biz gördüyümüzdə, məntiqi dərk əsasında anladığımzda ki, ümumi axın bir qapıdan çıxa bilməz və itirilən hər dəqiqə, bizi təhlükənin qurbanı olmağa sürükləyir, bu zaman bu məntiqi dərkin məntiqi davamı olan rasionallıq işə düşür.

Rasional təfəkkürümüzün qayəsi isə indivudualizmə söykəndəyindən, biz, ikinci alternativ olaraq indivudual davranaraq, özümüzü xilas etməyə çalışır, yollar axtarır, hətta biraz əvvəl üzvü olduğumuz kütləni, bizim fərdi özünü xilasetməyə mane olduğu üçün dağıtmağa çalışırıq .

Bayaqkı kollektiv təfəkkürdən fərqli olaraq indivudual təfəkkürümüz kütləni düşmən kimi alqılayır və bu təfəkkür nəticə olaraq praktiki davranışılarında fərdi maraqlarını sərgiləyir.hitlerrrr

Həzz və məhdudiyyətlər arası xoşbəxtlik naminə assosiativ bağlılıq

​Həzzlər, yalnız özünü məhdudiyyətlərin varlığı ilə təcəssüm etdirmək iqtidarındadır.

İnsan adaptiv varlıqdır, bundan əlavə, onun yaddaş adlı bir boxçası da var ki, bu da şüurun günlük rutinlərə, mütəmadi eyniliklərə qarşı itələyici reaksiyasını aktivləşdirir. 

Uyğunlaşma (adaptasiya) adiliyə yol açır, adiliklər isə həzzi (həzz – ilkinlik, ilkin olduğu üçün pozitiv həyacanvericilik, orjinallıq içdənlik və nadirlik kimi bir sıra məhfumlarla assosiasiya olur) məhv edir. 

Yaddaş isə bu məhvetmə işini həyata keçirən adaptasiyanın mövcudluğunu var edir. Qısaca, məhdudiyyətlərin şüurlu şəkildə qoyulması və ondan istifadə, əslində həzzin və həzzdən yaranan xoşbəxtliyin (Hedonizm) açarıdır, əsasıdır. 
Həzz verici məhfumların tükədilməsi zamanı adaptiv və yaddaşlı varlıq olduğumuzu unutmamalıyıq; yoxsa, biz bizi xoşbəxt edən həzzlərimizi bir-bir məhv edərək sonda nihilizmə, xroniki depressiyaya düçar ola bilərik.

WordPress.com Bloqu.

Yuxarı ↑