Müharibələrin yaşanması həmin müharibələrdə kimin qalib gəlməsindən asılı olmayaraq bütün tərəflər üçün dəhşətli, faciəvi haldır. Müharibə lənətdir, rəzalətdir, inkişaf etmiş mürəkkəb konstruksiyalı ağıla(beyinə) sahib modern insan üçün utanc yeridir. Son günlərdə artan primitiv müharibə dəstəkçilərini çıxsaq, müharibə haqqında tənqidi formada müxtəlif səpkili yazıları oxuyuruq. Bu yazıların çoxusu primitiv müharibə dəstəkçilərinin yazılarıyla eyni mahiyyətdə olaraq heç bir dərin analitik, rasional əsaslara söykənmir. Sadəcə bədii və pafos dolu sözlərlə bəzədilmiş olur. Lakin, bu yazılardan bir neçəsi diqqətimi çəkdi və sonuncu oxuduğum məni bir qədər düşündürdü. Yazının emosional və məişət tərəfini çıxarsaq, mənə maraqlı gələn hissələrinin ümumi məzmunu belə idi:

“torpaqların qaytarılması, əlbəttə ki, bizim üçün önəmlidir, lakin o torpaqlar düşünmürəm ki, hansısa şəxslərin həyatından daha dəyərli olsun. Müharibə dəstəkçisi olub da torpaqların azad olunmasına səsələyən şəxslər də inanmıram öz yaxınlarını torpaq üçün səmimi şəkildə qurban versinlər və onların həyatlarını, yaşamalarını deyil, torpağın qayıtmasını seçsinlər.”

Bu, çox maraqlı bir yanaşma idi. Bəli, bu tip yanaşanları da oxumuş olarsınız. İndi isə bu məsələyə bir neçə tərəfdən yanaşaraq hər hansı yekun qiymət vermədən obyektiv analiz etmək istərdim. Birincisi, heç şübhəsiz ki, biz insanlar öz həyatımızı və öz həyatımızdan yola çıxaraq ümumilikdə insan həyatını xüsusi qiymətləndirir, mənalandırırıq. Amma burada düşünülməsi lazım olan bəzi ritorik suallar var. Həqiqətən də insan həyatı özlüyündə önəmlidirmi? Yoxsa, bizim insan həyatı üçün biçdiyimiz xüsusi anlamlandırmalar tamamən poetik təfəkkürümüzün mübaliğəsidirmi? Biz bilirik ki, ölüm qaçınılmazdır, insan həyatı qısa müddətlidir. Eləysə, qısıtlı olan, ötəri olan bir həyat üzərinə bu qədər yüksək və mürəkkəb mənalar yükləmək nə dərəcədə doğrudur ? İnsan öz həyatının anlamsızlığını bilərək dinləri yaratdı, o biri dünya – əbədi davam edən dünya inancına sarıldı və bunu insanlığın sarsılmaz inancı halına gətirdi. Lakin, bu gün biz bunları dərk edərək heç bir mifik, metafizik anlam yükləmədən çılpaq obyektiv yanaşma ilə insan həyatını necə qiymətləndirməliyik, bu aspektdən insan həyatı necə görünür?

Bu sualların konkret cavabı yoxdur, hətta konkret cavabı verməyə çalışsaq da mütləq riyazi bir qayda kimi hər kəs tərəfindən bir mənalı qarşılanmayacaq. Ona görədə qeyd etdiyim kimi sadəcə ritorik xarakterli bu suallar üzərində insan özü düşünməlidir və həqiqi olanı dərk etməyə çalışmalıdır.

İndi isə gələk ikinci məsələyə. İnsanlar birlikdə yaşayaraq xalq/millət adlı məhfumu formalaşdırmışlar. Əgər bir toplum özünü xalq olaraq görürsə, bu statusu ortaya atırsa, mütləqdir ki, bunun bədəlini də ödəsin . Əgər sən bir xalqsansa, qəbul etməli olursan ki, xalq adlı məhfumun öz amalları, öz baxışı, öz mənafeləri var və olacaqdır. Və bu gerçəkdir ki, bəzən bu amallar, mənafelər, baxışlar fərdinkilərlə toqquşaraq ziddiyətə girir və birincinin xeyrinə qərar verilir. Necə ki, ictimai müqavilə tezisinə görə fərdlər vətəndaş olmaq, bərabər azadlıqlar və imtiyazlar əldə etmək, ümumi təhlükəsizlik üçün öz şəxsi hüquqlarının bir qismindən vaz keçərək dövlətə verirlər.

Nəticədə də bəzən ümumvətəndaş mənafeyi, yaxud hüquqları üçün fərdin istək və arzuları, hüquqları qısıtlanmış olur. Fərd burada bir növ fərdi bədəlini ödəyir ümumvətəndaşlıq statusu xeyrinə. Eyni qaydada da ümumi müharibələrdə olduğu kimi Qarabağ müharibəsi zamanı da fərdlər aid olduqları xalqın bir qrupunun öz ərazilərindən qovulmasını, işgəncələr görməsini ortaq bir faciə kimi yaşayaraq öz bədənində hiss edir, ortaq bir taleni paylaşdığını qəbul edərək birlikdə vuruşaraq özlərinin (onların) qəsb edilmiş haqlarını bərpa etməyə çalışırlar. Bu zaman bir çox fərdlər həyatlarını itirir, həmin fərdlərin ailələri də fərdi şəkildə izaholunmaz iztirablara düçar olurlar. Bu dilemmada çıxış yolu necə qoyulmalıdr ?

Necə ki, biz öz hüquqlarımızın bir qismindən ümumi təhlükəsizlik, azadlıq naminə vaz keçərək dövlətin ümumiradəsinə vermişiksə, eyni qaydada da hərbi məsələlər də sırf dövlətin ixtiyarına verilərək fərdi deyil, peşəkar ordu formatında həll olunmalıdır. Bu zaman bütün işlərdə olduğu kimi fərdin hansısa peşə müstəvisində depersonifikasiya halı baş verir. Yəni, bir hərbiçi hərb meydanında bir ata, bir ana, bir həyat yoldaşı, övlad deyil, o, hərbiçidir, çünki onun özünün seçdiyi, öz iradəsiylə qəbul etdiyi peşə kimliyidir bu.

Necə ki, bir nazir, bir deputat, bir prezident olduğu vəzifə postundakı addımları və yanaşmaları onun məişət kimliyi olan fərdi kimliyindən tamamən ayrılmaldır. Məsələn ideal örnəkdə belə olmalıdır: Bir şəxs hakimdir, yaxud polis onun övladı isə cinayət etmiş şəxs. Bu zaman, o, iş fəaliyyəti etibarı ilə peşə kimliyindən çıxış edərək, depersonifikasiya olaraq övladını hüquqi məsuliyyətə cəlb etməlidir. Əgər o, öz övladını öz peşə kimliyini rədd edərək hüquqdan yayınmasına kömək etməyə çalışarsa, yaxud adekvat addım atmazsa, bu zaman, o, öz peşəsinə xəyanət etmiş olur, nəticədə peşənin tələb etdiyi depersonifikasiya prosesi baş tutmur. Belə olduqda da ümummənafe üçün ümumi iradə tərəfindən tərtib edilən sistem işləmir, etibarsızlaşır, ədalətsizlik yaranır və bu da digər xaotik və zorakı halların yaranmasına səbəb olur. Eynən hərbiçi də hərb meydanında öz işini görməlidir. Onun məişət həyatındakı yaxınları isə onun hər bir peşə sahibinin sahib olduğu kimi ikili kimliyə sahib olmasını qəbul etməlidirlər. Bu zaman da onun yaxınları onun ölümünə üzüləcəklər, amma öz şəxsi azad iradəsi altında qəbul edilmiş kimlik ayrılması rasional bir hal odluğundan irrasional hisslərin önünə keçə, yaxud balanslaşdırıla bilər, bu da soyuq düşünməyə kömək edə bilər.

Son olaraq onu qeyd edim ki, bu cür mürəkkəb sosial proseslərə münasibətlər dayaz, analiz edilməmiş və subyektiv hisslərlə, poetik təfəkkürün altında ələ alınmamalıdır. Bu, problemi həll etmək gücünə malik deyil, əksinə prosesi daha da dolaşıqlıqlaşdıraraq həqiqi, adekvat qiymət verilməni əngəlləmiş olur.