​Həyatın mənası  nədir və yaxud nədədir ? 

Bu sual əsrlər, eralar boyunca istər intellektual beyinləri, istərsə də primitiv təfəkkür dərəcəsinə malik olan beyinləri müəyyən dərəcədə məşğul etmişdir. Müxtəlif kültürlər, müxtəlif mədəniyyətlər öz prizmalarından bu sualı cavablandırmağa, həyatı dəyərləndirməyə çalışmışlar.  

Bu sorulara biz ən çox Hind fəlsəfi təlimlərində rast gələ bilərik, bunun üzərinə kitablar, yazılar yazılmışdır. Ümumiləşdirmə aparsaq, onlara görə həyatın mənasını həqiqəti tapan şəxs anlaya bilər, həqiqəti  isə metafizik bir anlamı əks etdirən bir məhfum kimi,  yalnız qəlbimizin gözləri ilə öz içimizdə görə bilərik.  

Həqiqətə çatmış aydınlanmışlar isə həyatın mənasını müəyyən əxlaqi normativlərə uyaraq “düzgün” yaşamaqda və bu həyatın maddi nemətlərindən özünü çəkindirərək, əbədi həyat üçün ibadətlər ilə mənəvi həyatı qazanmağa çalışmaqda görürdülər. Bəzi hind fəlsəfi təlimlərinə görə, sən, özünü ətdən uzaq etməli, seksdən bacardıqca uzaq durmalı, (yanlız uşaq olması üçün seks etmək, Qandi də belə deyirdi bir Caynist olaraq) abid həyatı yaşamalısan(ola bilsin ki ,Sinoplu Diogen başda olmaqla antik yunan filosoflar məktəbindən biri olan Kiniklərə də abid həyatı, tərki-dünyalıq, məhz hind fəlsəfi- təlimlərindən keçmişdir). İnsan maddi (fizioloji) və mənəvi (psixoloji)olaraq ayrılan dualistik yapıdan ibarətdir. 

Şərq (əsasən də Hind) fəlsəfi təlimlərinin əksəriyyəti insanların mənəvi yapısına tamamilə müstəqillik verərək, böyüdərək insanin maddi hissəsini onun əsarətinə qurban verirlər.  İlk olaraq, birinci baxışdan ən elementar formada biz irad kimi bunu qeyd edə bilərik ki, bu cür yanaşma insan yapısını formalaşdıran “Simmetriya” (İnsan yapısı həm maddi, həm mənəvinin  vəhdətində mövcud olma potensialına sahibdir)sisteminin pozulmasına gətirib çıxarır. Bu da ciddi deformasiyalara , deqradasiyalara yol aça bilir. Bu cür yanaşma edənlər insanların ikili (dualistik) yapısını, təbiətini görməzdən gələnlərdir. İnsan bir müstəvili deyil, onu  bir müstəviyə sığışdırmaq, onu şikəst etmək deməkdir.  

Məsələn,  Buddizmdə acını əsasən “arzu etmək” aktı ilə əlaqələndirirlər və acıdan qurtulmağı da  bu aktın rədd edilməsində görürlər, yəni bir insanın arzu etmək aktının məhv edilməsini onun hüzur içində olması ilə əlaqələndirilər.  Bu necə də absurd bir şeydir axı ? Arzu etmək insan təbiətinin, fundamentinin(instinklərinin) yaratdığı bir vasitədir və insanlığı lokomotiv kimi irəli apararaq “inkişafa, tərəqqiyə” ulaşdıran, ibtidai icmadan bu günə gətirən, məhz elə o arzuetmə aktıdır.  Bəli, insandan arzu etmə aktını alaraq onu hüzura qovuşdura bilərsən, çünki o, ən yüksəklərə həsəd aparmayacaq, baxmayacaq və rəqabət hissində olmayacaq, nəticə olaraq da o, heç bir arzu etməyəcək. Bu ona hüzur verər, amma bu hüzur necə bir hüzurdur ?

 İçi boş, saxta və süniliklə (çünki ağıl əsasında proqramlaşdırılaraq yaradılır arzuları məhv edərək, ağılın isə özü sünidir, çünki instinklərimiz özünü təmin etmək aktını həyata keçirərkən optimal varinatlara ulaşmaq üçün ağılı yaradıb məs: ilkin ov zamanı  insanlar ovu çətinliklə edirdilər və adətən uğursuz ov edir, yaxud ölürdülər təhlükələrin qurbanı olaraq, instinklər spontan olaraq ağılı yaradır daha optimal variantlar üçün ,bir növ təkamül  baş verir mövcud şəraitə adaptasiya olunaraq) dolu  bir hüzurdur. Saxta gülüşlər insan ömrünü hansı dərəcədə uzada bilərsə, saxta hüzurlar da insanı xoşbəxt edərək, o dərəcədə onun həyatına faydalı ola bilər. 

Unudulan məqam budur: “bizim həqiqətlərimiz, həyatımızın mənası instinklərimzidə gizlidir”.

 Biz bioloji varlıq olaraq fundamentimiz instinklərimizin üzərindədir. Bizim atdığımız hər addım, sadəcə o instinklərin təmin edilməsi uğrunda çabalarımızdan başqa bir şey deyil. “İnsanların xoşbəxtliyi instinklərin təmin olunması ilə yaranır.” Obrazlı şəkildə desək, instinklər insanı  mükafatlandırmaq üçün serotonin adlı hormonu beyin vasitəsi ilə bədənə yayaraq onu “xoşbəxtliklə” mükafatlandırır. İnstinklər fundament olaraq özləri ikidir. Yaşam (Sağ qalmaq) və Seks (təbii artım ilə genin özünü kopyalayaraq gələcək nəsillərə ötürməsi).  Bu iki instinkdən isə digər altinsintiklər (şərti ad) şaxələnir. Bayaq dediyimiz məsələyə qayıdaq, dedik ki, instinklərdən ibarətik və bizim xoşbəxtliyimiz və proqramlanan bütün həyatımız o instinklərin təmin edilməsinə sərf olunur. 

İndi isə gələk əsas məsələyə,instinklər bu təminatları əldə etmək üçün (obrazlı dil) ağıl adlı məhfumu yaratmışdır. Ancaq zamanla insan fizoloji olaraq təkmil və təkamül prosesləri keçərək beynin daha da inkişaflı mövcudiyyətinə gəlib çatmışdır. Beynin bu cür inkişafı ağlın (beyin sahələrindən biri olan neokorteks bölümünə aiddir) özünün də inkişafına və zamanla müstəqilliyə (obrazlı dildə) can atmasına səbəb olmuşdur. Bu müstəqillik isə instinklərin, ilkin, təbii olanın əsarəti üzərindən əldə edilməyə çalışıldığı üçün, ağıl ilə instinklər arası ziddiyyətlər meydana gəlmişdir. Əslində, bu ziddiyyətlərə yön verən də Hind fəlsəfi təlimlərinin nümayəndələri kimi düşünən şəxslər olmuşdur. 

Bu təlimlərin yaranma ehtiyacı kimi bir versiya olaraq özünütəsllidən qaynaqlandığını da götürmək olar. Belə ki, ağıl instinkləri təminetmə yollarına ulaşdıra bilmədikdə , yəni isntinklərin təmin edilməməsi hər zaman onların şüurlarını mübarizəyə, narahatlığa məhkum edir ki, bütün bu prosedurların da məcmusu bədbəxtlik adlanır və təbii olaraq, adekvat refleksiv bir akt kimi ağıl bütün bu narahatlığa son vermək üçün öz müqəddaratını  təyinetmə işinə  girişərək,  mənəvi olanın maddi olan üzərində qələbəsini səsləyəcək düşüncələr toplusunu yaratmaqdadır. 

Məsələn, bu kimi yanlış düşüncələr toplusundan ən dəhşətlisi (təbii olanın məhvini bütünlüklə şərtləndirdiyi üçün) yaxın şərq dini-təlimi olan xristian təlimçilərindən birinin (səhv etmirəmsə, Pavelin) seksi mundar olaraq qiymətləndirməsi, əsl rahib həyatının evliliyi rədd etməklə gerçəkləşəcəyini  bildirməsi və ən pis halda, sadəcə yalnız evliliyə icazə verilməsini məqbul görməsi  firki olmuşdur. Belə ki, seksin tamamən rədd edilməsi toplumun məhv olmasıdır, halbu ki, bizim genlərimiz avtonom olaraq özünü kopyalamağa proqramlaşdırılıb, belə ki özünü gələcək nəslə ötürməyə. Bunun rədd edilməsi, təbii olanın məhvidir, bu isə təbiətə tamamən əks gəlməkdir. 

Şərq dini-fəlsəfi təimləri (başda Hind təlimləri olmaqla) ağılın (mənəvinin) müstəqilliyinə çalışaraq, instinklərin(maddinin) rədd edilməsinə səbəb olurlar, ancaq bir şeyi unutmamaq lazımdır ki, təbiət onun qanunlarına əks gələnləri bağışlamır və biz mövcud şəraitə uyğun formalaşdığımızdan, təkamül etdiyimizdən və nəticə olaraq da isntinklərin yaranmasına görə biz onlara tabeyik, çünki təbii şərait insan yapısını bu cür formlaşdırmışdır. Üst yapını(ağılı) üstün tutaraq,alt yapının (instinklərin ) məhvi binanın çökməsinə səbəb olar.

Bütün bu yazılanlardan yekun nəticə çıxarası olsaq, həyatın mənası sualına cavab kimi bunu qeyd edə bilərik: “İnsan öz instinktiv ehtiyaclarını təmin etməlidir, bu istər yaşam, istərsə də seks instinki olsun. Bu instinklərin şaxələnmiş formasiyaları isə belə təsnifatlandırıla bilinər. Yaşam instinki, bizim, fundament olaraq sağ qalmamızı təmin etsədə, şaxələnmiş formasiyasında o bizim “yaxşı yaşayışımızın” tətikçisidir. 

Məsələn, bir insanın maraqları civarında öz hobbiləri ilə məşğul olması, məsələn, kitab yazması, oxuması, musiqi ilə məşğul olması, geyimlərlə öz zövqünü oxşaması, insanlarla ünsiyyət , əyləncələr və s.  

Seks instinkinin şaxələnmiş formasiyası isə sevgi, qayğı kimi duyğuları yaratmşdır, bu da bir şəxslə bizim psixoloji (duyğusal) və sosial münasibətlərimizi səciyyələndirir. Bütün bu və buna oxşar digər təlabatların düzgün şəkildə ödənməsi insanların özünü xoşbəxt hiss etməsinə səbəb olur. Doğrudur, instinklərin tələbləri tükənməz olduğundan, arzular da tükənməzdir, ancaq unudulmaması lazım olan budur ki, insan təbiəti etibarı ilə dialektik prinsiplərə uyğundur, yəni insan bütün instinkləri və ağılı ilə birgə daimi dinamik inkişafda olan bir “orqanizmadır“. 

Bizlər, öz təbiətimizi(yapımızı) kəşf edərək onun mahiyyətini, özəlliklərini, çalışma mexanizmasını anlasaq, həm təlabtalarımızı ödəyərik, həm də yanlışlıqlara daha az bulaşarıq. Və anlamadığımız, kəşf etmədiyimiz üçün bizə möcüzəvi gələrək gözümüzdə bütləşən, “dəyərliləşib” bizi əsir edən şeylər üzərində də qələbə qazanarıq. 
“Bütün bütləri sındıraraq”