Bu yazı azadlığı üçün cəsarətlə vuruşaraq canından keçən, özünü bir şəxsiyyət və bir xalq kimi dərk edərək kölə edilməsinə qarşı baş qaldıran qəhrəman İran xalqına ithaf olunur!

İran xalqı, əsasən də gənc nüfuzu Azərbaycan xalqından potensial olaraq daha proqressiv, daha üsyankardır. İrandakı bu ayaqlanmalar birinci dəfə deyil, demək olar ki, hər il olmaqdadır. İran xalqı önündə daha qəddar totalitar rejim olmasına, edam cəzası ilə üz-üzə olmasına baxmayaraq, Azərbaycan xalqından çox daha cəsarətlidirlər. Həmçinin yeniliyə açıqlıq, liberallığa uyğunluq baxımından da İran xalqı daha müvafiqdir. On illiklərin əxlaqi tabularına, dini totalitar rejimin basqısına və cəmiyyəti formalaşdırmasına çalışmasına baxmayaraq, İran xalqı onun üçün biçilmiş əxlaq libaslarından xilas olmağa çalışır. İlk fürsətdəcə qadınlar başlarını açmağa başladılar, cütlüklər öpüşərək qol-boyun gəzərək azadlıqlarına addım atdılar və həmçinin mollaların başlarından papaqlarını da yerlə bir etdilər. Lakin, müqayisədə Azərbaycana baxanda nə görürük? Rəsmi qadağalar olmasa da azad ikən Azərbaycan xalqı özünə zəncirlər biçmişdir. Özünü sıxmaqda, kompleksdə saxlamaqdadır. Özündən bir mentalitet uyduraraq tabular yaratmaqda, öz azadlığını buxovlamaqda və azadlıqlarını, istəklərini buxovlayaraq da nevrotik bir cəmiyyət yaratmaqdadır. Fərq bilirsiniz nədir? Fərq budur ki, bir yanda azad öpüşməsi,azad geyinməsi, bir sözlə azadlığı üçün qanından, canından keçən kütlə var, bir yanda isə öpüşənləri öldürməyə daş qalaq etməyə hazır kütlə var. Azərbaycan xalqının ana kodu onun mentalitetidir. Bu mentalitetə baxdığımızda isə onun maskulin əsaslı olmasını görə bilərik. Bəli, bütün dünyada patriarxat sistem dominantdır və ümumi dəyərlərin formalaşmasında da bu özünü göstərir. Lakin, İran mədəniyyətinə baxdığımızda biz maskulinizmdən daha çox feminin çalarları görə bilərik.

Gəlin, iki xalqın formalaşdırdığı rəqsləri müqayisə edək. Bir yanda Qafqaz rəqslərinin də bir alt qolu olan (Qafqaz mədəniyyəti maskulindir) maskulin çalarlara xareqrofik texnikləri görə bilərik. Məsələn, nə qədər də Azərbaycan musiqisinə İran (hind-ari) musiqisi təsir etsə də qılıncla sərt hərəkətlər, aqressiv texnikalar, bir yanda isə daha incə, zərif və daha qadınsı İran rəqslərinə, həmçinin musiqilərinə də baxanda görə bilərik ki, Qafqazın maskulin təsirləri Azərbaycan rəqs musiqilərində özünü nisbətən daha qabarıq göstərməkdədir. İran sənət nümunələrinə – ümumi musiqidən tutmuş ədəbiyyatına, şeirlərinə, hətta fars dilinin səslənmə ahənginə, xitablarına və s. baxdığımızda görəcəyik ki, İran toplumu sənətsəl toplumdur. Bu sənətsəlliyə, hətta dilin özünə də feminin çalarlar hakimdir. Sənətsəl toplum da heç zaman ağ-qara ola bilməz. O həmişə çox çalarlıdır. Məişət səviyyəsindəki mentalitet məsələsinə gələk. İranda bir şəxs bir mollanın papağını yerə salır və gedir. Azərbaycanda bir polisə, bir dövlət məmuruna bunu etsəniz, hətta o, iblis və korrupsioner olsa da məsələyə türmə, “vor” söhbətləri qarışacaq. Yəni, dövlətin əxlaqsız məmuru da belə cəmiyyətdə hakim olmuş türmə qanunları, mentaliteti ilə özünü mühafizə edə biləcəkdir (bildiyiniz bəsit kişilik, ana-bacı söhbətləri, türmə empatiyası ilə (sənin atana edilsə xoş olarmı falan, filan)). Beləliklə, Azərbaycan xalqının mentaliteti həm də türmə qanunları ilə yoğrulmuşdur. Bu türmə məsələləri Sovetlərdən bu yana gəlsə də bayaq da qeyd etdiyim kimi, Azərbaycan xalqının mentalitetinin maskulin mədəniyyətin bir tərkibi olmasına və türmə həyat tərzinin də maskulin təbiətli olduğuna görə rahatca bu cəmiyyətdə özünə yer tapmış, oturuşmuşdur. Gələk geyim məsələsinə, istər Sovetlərdə, istər də sonrakı müstəqillik dövründə Avropaya meyilli olan cəmiyyətdə şortik geyinmək sizi diskriminasiyaya, alçaldılmaya, hətta bıçaqlanmaya belə məruz qoya bilərkən İran xalqının gəncləri isə əksinə öz geyim azadlıqları üçün ölümə belə getməkdədirlər.

Azad ikən özünü buxovlayan və geyim ilə əxlaq ölçüsü edən cəmiyyətmi daha tərəqqipərvərdir və ya on illərdir ki, dini rejim tərəfindən “əxlaq” tərbiyəsi təlqin edilən, inteqrasiya baxımından xarici ölkələrə qapalılıq və siyasi anlamda üzərində amansız, qəddar, sərt rejim diqtəsi və nəzarəti olan İran xalqımı? 1990-cı illərdə şalvar geyinən qıza fahişə damğası yapışdıran Azərbaycan cəmiyyəti haqqında onu demək olar ki, Azərbaycan cəmiyyəti kültürəl anlamda geriçi, əyalət təfəkkürünün hakim olduğu, şəhərləşməmiş (mədəniləşməmiş, sivilləşməmiş) barbar böyük kənd toplumudur. Hətta siyasi hakimiyyət – polislər belə şortikə görə adam öldürüb həbs etsələr, bu cəmiyyət tərəfindən nəinki İrandakı kimi aqressiya ilə qarşılanar, əksinə cəmiyyətdən dəstək alar, çünki bu hərəkət xalqın təfəkküründə oturuşmuş yeri vardır, dəstəyi vardır. Buna konkret misal da verə bilərik. Parkda, yolda öpüşən cütlüyə polis yaxınlaşanda, narahat edəndə, hətta zorakı müdaxilə edəndə nəinki o polis tənqid edilir, əksinə polisin hərəkəti cəmiyyət tərəfindən alqışlanır. Hətta polis olmayan yerlərdə belə polisdən öncə digər bir “kişi və qadın” buna müdaxilə edir, türmə empatiyası ilə ana-bacı söhbətləri açır və hətta fiziki zorakılıq edir, bu da Azərbaycan xalqının mentalitet simasının təcəssümüdür. Bunun kökləri həm də Azərbaycanın tarixən də bu coğrafiyada var olan dövlətlərin ucqar əyaləti olması, sivilləşmə, şəhərləşmə proseslərindən kənar qalması, burada yaşayan insanların tarixən mövcud olmuş imperiyaların, dövlətlərin mərkəzlərində, çox sakinli aktiv şəhərlərində yaşayan digər insanlarla yetəri qədər qaynayıb-qarışmaması, adətlərin də, yaşam tərzinin də, dünyagörüşün də lokal qalması və ümumilikdə qeyd etdiyim inkişafı şərtləndirən amillərin kifayət dərəcədə var olmamasına qədər gedib çıxır. Nəticədə qarşılaşdırma apardığımızda açıqca görürük ki, İran xalqı məhkum edildiyi bütün buxovlara baxmayaraq, mənəvi cəhətdən, ruhən qat-qat daha azaddır. Plastik əməliyyat məsələsi də önə sürülən tezisləri doğrulamaqdadır. Azərbaycanda hər zaman bir qadının plastik əməliyyat etdirməsi əxlaqsızlıqla assosiasiya olunsa da İran bildiyimiz kimi, statistikaya əsasən ən çox plastik əməliyyatın olunduğu ölkədir. Söhbət plastik əməliyyatların yaxşı olub və ya olmaması deyil, sadəcə Azərbaycan toplumu hər bir şeyə axmaq, anlamsız, əxlaq tabuları qoymasına baxmayaraq, “əxlaqın” hökmran olduğu İran toplumunda biz bunu görmürük.

Xülasə, bütün bu müqayisələr onu göstərir ki, İran xalqı bu rejimi yıxdıqdan qısa bir sürə sonra özünü toparlayacaq və inkişaf etmiş xalqların cərgəsinə qoşulacaqdır. Hətta əminəm ki, Türkiyə toplumunun proqressiv kəsimindən belə daha irəli gedəcəkdir. Bütün bu yazdıqlarım həmçinin Cənubi Azərbaycan xalqı üçün də aşağı-yuxarı keçərlidir. Təbii ki, tam keçərli deyil, Cənubi Azərbaycan xalqında da şimaldakı toplumun paylaşdıqları ortaq mental dəyərlər var. Lakin, ümumilikdə İran xalqlarının bölüşdüyü ortaqlıqlar daha çoxdur. Yəni, İran molla rejimi yıxıldıqdan qısa sürə sonra Cənubi Azərbaycan xalqı da buradakı xalqdan daha proqressiv olacaqdır. “Artıq Cənubi Azərbaycan xalqı bizlə birləşərsə bizi geriçi edərmi?” sualı “Biz – cənublular şimallılarla birləşərsək geriçi olarıqmı?” deyə dəyişəcəkdir.